AMEA-nın institutu arasında qalmaqal
“İyulun 10-da Təhsil Problemləri İnstitutunda orta məktəblərdə “Azərbaycan tarixi” fənninin tədrisinin ləğv olunması barədə məsələ müzakirə edilib”.
AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müzakirə zamanı daha orta məktəblərdə “Azərbaycan tarixi”nin ayrıca fənn kimi tədris olunmayacağı bildirilib.
İnstitutun məlumatında bildirilir ki, edilən yeni təklifə görə Azərbaycanın tarixi “Tarix” fənninin tərkibində, yəni Ümumi tarix və ya Dünya tarixinin tərkibində tədris olunacaq.
Tarix İnstitutunun açıqlamasında belə bir müzakirənin müstəqillik illərində qaldırılması və müzakirəyə çıxarılmasının dərin təəccüb və təəssüf hissi doğurduğu qeyd olunub: “Bu məlumatla tanış olarkən sovet dövründə Azərbaycan tarixinin Diyarşünaslıq fənni tərkibində 24 saat həcmində tədris olunması, ağır mübarizələrdən sonra “Azərbaycan tarixi”nin o zaman müstəqil fənn kimi tədris olunmasına nail olduğumuz yada düşür. Sovet dövründə hətta, “Azərbaycan tarixi”nə ayrılan saatların “Ümumi tarix”ə ayrılan saatlar qədər olmasına da nail olunmuşdu. 1990-cı ildə isə üz qabığında üçrəngli bayrağımızın əks olunduğu “Azərbaycan tarixi” proqramı da çap edilmişdi. Özü də, həmin proqram 1990-cı ildə fövqəladə vəziyyət günlərində çap olunmuşdu.
İnsanı təəccüb bürüyür: görəsən müstəqillik dövründə, özü də ulu öndər Heydər Əliyevin, Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan tarixinin öyrənilməsinə böyük önəm verdikləri halda, yeni nəslə, xüsusən də gənclərimizə vətənpərvərlik ruhunun aşılanması ən mühüm vəzifə kimi qarşıda durduğu bir zamanda, nəhayət Vətənin bir hissəsinin işğal olunduğu şəraitdə ölkədə “Azərbaycan tarixi” fənninin tədrisinin ləğv olunması ideyası kimin ağlına gəlib?!
Tarix İnstitutu ulu öndər Heydər Əliyevin ideyalarını və prezident İlham Əliyevin konkret tapşırıqlarını yerinə yetirərək tariximizi saxtakarlıqlardan, təhriflərdən təmizləməklə məşğuldur.
Müstəqil Azərbaycanın tarixi yad konsepsiyalara məhəl qoyulmadan, Azərbaycançılıq ruhunda müstəqil surətdə araşdırılır və yazılır. Fikrimizcə, “Azərbaycan tarixi” orta məktəblərdə ayrıca fənn kimi mütləq tədris olunmalıdır. “Azərbaycan tarixi”nin ləğvinə yol vermək olmaz! Ən azı ona görə ki, yaxın və uzaq ölkələrdə qınaq obyekti olarıq. Əgər müstəqillik illərində biz öz tariximizin orta məktəblərdə müstəqil fənn kimi tədris olunmasını aradan qaldırırıqsa buna nə ad vermək olar? Görəsən doğma tarixin tədris olunmasının ləğv olunması məsələsi bizdən başqa hər hansı bir ölkədə müzakirə olunarmı?!
Məntiqiniz hanı? Bir tərəfdən “Qarabağ tarixi”ni ayrıca fənn kimi orta məktəb proqramına salırsınız, digər tərəfdən isə “Azərbaycan tarixi”ni ləğv edirsiniz! Gəlin, əl açıb başqa ölkələrdən dəyər sədəqəsi dilənməyək! Öz tariximizə, öz dəyərlərimizə sahib çıxaq!”
Təhsil Problemləri İnstitutun direktor müavini Ənvər Abbasov isə APA-ya açıqlamasında orta məktəblərdə “Azərbaycan tarixi” fənninin tədrisinin ləğv olunması barədə məsələnin ümumiyyətlə, müzakirə olunmadığını bildirib.
Ə. Abbasovun sözlərinə görə, iyulun 10-da Təhsil Problemləri İnstitutunda aparılan müzakirələrdə fənlərin inteqrasiyası məsələsi müzakirə olunub: “Biz hazırda Azərbaycan tarixinin tədris olunmasının ən yaxşı yollarını axtarırıq. Ümumiyyətlə, biz çalışırıq ki, Ümumi tarixi Azərbaycan tarixinin müstəvisində öyrədək. Bizim məqsədimiz bundan ibarətdir. Söhbət bundan gedir. Bu, tamamilə yanlış və əsassız bir fikirdir”.
1144 dəfə oxundu