ABŞ səfirliyi Azərbaycan Müdafiə Nazirliyinin bəyanatına şərh verdi
"ABŞ-ın Azərbaycanla uzun illərdən bəri əməkdaşlığa, o cümlədən hərbi məsələlər də daxil olmaqla, dəyişməzdir". Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Pentaqonla münasibətlərin bərpası ilə bağlı bəyanatını şərh edərkən ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfirlikdən bildiriblər ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, Amerika tərəfi bir sıra sahələrdə proqramlar və seminarlar, müxtəlif tədbirlər, o cümlədən hərbi ixtisaslaşma, terrorizmə və narkotiklərə qarşı mübarizə, hətta ingilis dilinin öyrədilməsi ilə bağlı tədbirlər təşkil edib.
"Biz bu əməkdaşlığa böyük dəyər veririk, eləcə də NATO vasitəsi ilə Azərbaycanla əməkdaşlığımızı önəmli hesab edirik. Bizim sıx əlaqələrimiz və dəstəyimiz bu gün də davam edir" - ABŞ səfirliyindən verilən məlumatda bildirilib. "ABŞ-ın Azərbaycanla bağlı siyasəti hər iki ölkələrimizin parlaq gələcəyə nail olmaq üçün birlikdə çalışmaq istəyinə əsaslanır. Bu öhdəlik həmişəkindən daha güclüdür. Biz münasibətlərimizin bütün aspektləri üzrə əməkdaşlığın genişləndirilməsi və davam etməsini səbirsizliklə gözləyirik", - səfirlikdən deyilib.
Xatırladaq ki, iyulun 14-də Azərbaycan Müdafiə Nazirliyi son bir il ərzində iki ölkə arasında münasibətlərin soyumasına baxmayaraq, Pentaqon ilə münasibətləri bərpa etməyə hazır olduğunu bildirən bəyanat yayıb.
1191 dəfə oxundu