Nazirlər Kabineti, İH-lər ləğv edilir?

Nazirlər Kabineti, İH-lər ləğv edilir?
Azərbaycanda adətən hər prezident seçkisindən sonra hökumətin tərkibində dəyişikliklər edilir və digər məsələlər müəyyən qədər öz həllini tapmış olur. Fikrimcə, qarşıdakı növbədənkənar prezident seçkilərindən sonra da bir sıra dəyişikliklər həyata keçirilməlidir.

Bu sözləri Axar.az-a 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərindən sonra aparılacaq mümkün struktur dəyişiklikləri barədə danışan Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Millət vəkili struktur dəyişiklikləri ilə bağlı ehtimal edilən bir sıra variantlardan bəhs edib:

“Bildiyimiz kimi, işğaldan azad edilmiş bölgələrimizdə ilk dəfə xüsusi nümayəndəlik təsis edildi. Cənab Prezident də ADA Universitetində keçirilən konfranslardan birində sözügedən idarəçilik sisteminin özünü doğrultduğunu qeyd edib. Bu səbəbdən seçkilərdən sonra digər bölgələrimizdə də eyni idarəçilik sisteminin tətbiq olunması mümkün variantlar arasındadır. Nazirlər Kabinetinin strukturuna da yenidən baxıla bilər. Çünki ölkəmizdə həm Nazirlər Kabineti, həm də vitse-prezident institutu var. Belə düşünürəm ki, hər ikisinin eyni vaxtda saxlanılmasına ehtiyac yoxdur. Ona görə də prezident seçkilərindən sonra referendum keçirilməsi və bəhs edilən dəyişikliklərin orada öz əksini tapması mümkündür”.

Millət vəkili qeyd edib ki, növbəti ildə bizi prezident seçkilərindən başqa həm parlament, həm də bələdiyyə seçkiləri gözləyir:

“Milli Məclisə seçkilər prezident seçkilərindən sonra, yaxud ilin axırında keçirilə bilər. Bələdiyyə seçkilərinin də qarşıdakı ilin sonunda baş tutması planlaşdırılır. Yəni fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərindən sonra sadaladığımız və əlavə struktur dəyişikliklərinin, islahatların aparılması gözləniləndir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
428 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...