Bakıda şok olay: Anası Türkiyədə olan azyaşlıya təcavüz edildi

Bakıda şok olay:

Bakının Nərimanov rayonunda 1972-ci il təvəllüdlü Nəsimi həyat yoldaşının bibisinin azyaşlı qızı Vüsaləyə (adlar şərti verilib – red.) təcavüz edib.

Teleqraf.com xəbər verir ki, Nəsimi 2020-ci ilin noyabrın axırından 2021-ci ilin mayın sonunadək müxtəlif günlərdə günorta saatlarında 2012-ci il təvəllüdlü Vüsaləyə qarşı seksual xarakterli hərəkətlər edib.

Nəsimi azyaşlının evdə tək olmasından və köməksiz vəziyyətindən istifadə edib, mobil telefonda olan videogörüntüdəki əxlaqsız hərəkətləri göstərib. Sonra qızı soyundurub, özü də soyunaraq əxlaqsız hərəkətləri etməyi tələb edib.

Bu zaman azyaşlı onun istəklərini yerinə yetirməkdən imtina edib və müqavimət göstərib. Nəsimi azyaşlıya qarşı zorakılıq göstərərək ona qarşı seksual hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Nəsiminin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəsimi ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş Vüsalənin anası Sahibə onun həyat yoldaşı Məlahətin bibisidir:

“Vüsaləyə qarşı heç vaxt heç bir əxlaqsız hərəkətlər törətməmişəm. Sahibə işləri ilə əlaqədar Türkiyədə olduğu dövrdə onun xahişi ilə uşaqları, yəni qızı Vüsalə, oğlanları Vəli və Əli öz evlərində qalıblar, arvadım da onlarda qalmaqla uşaqlara qulluq edib”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bu məsələ 2020-ci ilin noyabrından 2021-ci ilin mayınadək davam edib:

“Həmin ərəfədə mən də işdən çıxaraq Sahibəgilə gəlmişəm, şam yeməyi yeyib, istirahət etmişəm. Təxminən üç-dörd dəfə həmin evdə gecələmişəm. Həmçinin böyük qızlarım Lalə və Aynurə də həmin vaxt Sahibənin evində qalıblar. Necə ola bilər ki, bu qədər insanın yaşadığı evdə və şəraitdə Vüsaləyə qarşı hər hansı əxlaqsız hərəkət edim?

Barəmdə polisə Sahibə şikayət edib. Əvvəllər Sahibə ilə birlikdə işləmişəm, onunla intim əlaqədə olmuşam. Lakin sonra intim münasibətlərimi kəsmişəm. Sahibə ilə intim münasibətlərimizi kəsdiyim üçün məndən qisas almaq məqsədilə şikayət edib. Guya onun azyaşlı qızına sataşmışam”.

Cinayət işi üzrə zərərçəkmiş Vüsalənin sözlərinə görə, anası Sahibə ticarət işləri ilə əlaqədar Türkiyəyə gedib və orada olduğu müddətdə onlara Məlahət baxıb:

“Amma Məlahət xala bizim qaldığımız evə əri Nəsimi, qızları Aynurə və Lalə ilə birlikdə gəlirdi. Bu vaxt Nəsimi mətbəxdə döşəmədə gecələyirdi”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, 2020-ci ilin payız aylarında birlikdə qaldıqları evdə olduğu zaman Nəsimi təxminən beş-altı dəfə evdə adamların olmamasından istifadə edib, onu yanına çağırıb və telefonda baxdığı pis şeyləri ona göstərib:

”Həmin şeyləri onun üçün etməyimi tələb etdi. Mən imtina etdiyim zaman isə əlimdən tutaraq zorla elətdirirdi. Anama bu hadisəni evimizə qayıdandan sonra dedim.

Anam Məlahət xalanı bu məsələni araşdırmaq üçün evinə çağırsa da, Məlahət xala gəlmədi. Anam mənimlə birlikdə polisə getdi və Nəsimidən şikayət etdi. Mən yalan danışmıram, hər şeyi olduğu kimi bildirirəm”.

Cinayət işi üzrə şahid qismində ifadə verən Sahibənin sözlərinə görə, Vüsalə onun doğma qızıdır:

“Vüsalədən başqa, iki oğlum var. Dolanışıq məqsədilə Turkiyə Respublikasının İstanbul şəhərinə gedib, həmin şəhərdən ucuz qiymətə satış üçün geyim paltarları alır, Bakı şəhərinə göndərirəm, burada isə sərfəli qiymətə sataraq qazanc əldə edirəm. Bu səbəbə görə bəzən Türkiyədə bir neçə ay qalmalı oluram. Türkiyədə qaldığım müddətdə qardaşım qızı Məlahətdən pul müqabilində evimdə qalıb, uşaqlarıma qulluq etməyi xahiş etmişəm”.

Sahibənin ifadəsinə görə, sonuncu dəfə 2020-ci ilin noyabrında İstanbul şəhərinə gedərkən uşaqlarına yenə Məlahət baxıb:

“Türkiyədə olduğum müddətdə tez-tez uşaqlarımla telefon əlaqəsi saxlamışam. Mənə məlum oldu ki, evimdə qaldığı müddətdə Məlahət öz qızını da azyaşlı uşağı ilə birlikdə həmin evə qalmağa gətirib.

Həmçinin Məlahətin digər qızı və əri Nəsimi də daimi yaşadığım evə gəliblər. Elə hallar olub ki, mənim evimdə qalıblar. Qohumluq münasibətlərimizi nəzərə alaraq bu hallara göz yummuşam”.

Şahid qeyd edib ki, 2021-ci il mayın axırı Bakı şəhərinə yaşadığı evə qayıtdıqdan sonra Məlahət ailə üzvləri ilə birlikdə öz evlərinə gediblər:

“Hər dəfə evə gəlib-gedən zaman qızım Vüsalə məndən yenə Türkiyəyə gedib-getməcəyimi soruşurdu. Axırıncı dəfə 26 sentyabr 2021-ci ildə qızım Vüsalə məndən yenə soruşdu ki, Türkiyəyə gedəcəksən? Qızımdan getməyimlə maraqlanmasının səbəbini soruşdum. Dedi ki, getməyini istəmirəm.

Vüsalənin bu sözü məndə şübhə yaratdı. Ondan soruşdum ki, Turkiyədə olduğum müddətdə bir problem olub, bəlkə, Məlahət səni döyüb və ya incidib? Dedi ki, Məlahətlə heç bir problemi yoxdur, amma əri Nəsiminin yaşadığımız evə gəlməsini istəmir. Səbəbini soruşduqda dedi ki, Nəsimi təklikdə qaldıqda ona qarşı əxlaqsız hərəkətlər edib.

Vüsaləyə nə baş verdiyini ətraflı danışmağını dedim. Bildirdi ki, ilk dəfə 2020-ci ilin axırları, dəqiq bilmədiyi tarixdə Nəsimi evimizdə olub. Həmin vaxt oğlanlarım harasa gediblər, Məlahət isə evdə yemək bişirmək üçün tərəvəz lazım olduğundan evdən çıxaraq mağazaya gedib. Evdə Nəsimi ilə qızım tək qalıblar.

Həmin vaxt Nəsimi qonaq otağında olan divanın üstündə əyləşib və əlində olan telefonda nəyəsə baxıb. Qızımı yanına çağırıb, divanda onun yanında oturmağı tapşırıb.

Vüsalə divanda Nəsiminin yanında oturduqdan sonra telefonu ona göstərib, deyib ki, burada qızın etdiyini sən də mənə et. Sonra qızıma bir manat verib. Vüsalə onun dediyini etmək istəməyib. Nəsimi qızımın sağ əlindən tutaraq əxlaqsız hərəkətlərə məcbur edib. Bu kimi hallar bir neçə dəfə baş verib”.

Sahibənin sözlərinə görə, Vüsalə bütün baş verənləri danışdıqdan sonra bərk əsəbiləşib:

“Məlahətə zəng vurdum. Onu tək yaşadığım evə çağırdım. Məlahət dedi ki, şəhərdaxili marşrut avtobusları işləmir, buna görə gələ bilməyəcək.

Əvvəl Məlahətlə danışaraq məsələyə aydınlıq gətirməsini düşündüm. Axşam vaxtlarında Məlahət mənə zəng vurdu, nə səbəbə yaşadığım evə gəlməyini istədiyimi soruşdu. Məlahətə əri Nəsiminin barəsində qızım Vüsalənin dediklərini dedim. Cavab verdi ki, mənim ərim heç vaxt belə hərəkət etməz, sən mənim ərimi şərləyirsən. Bir daha dedim ki, gəl evimə, danışıb, aydınlıq gətirək. Gələcəyini desə də, gəlmədi. İki gün onu gözlədim. 28 sentyabr 2021-ci ildə Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinə qızım ilə birlikdə getdik, Nəsimidən şikayət ərizəsi verdik”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Nəsimi cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
731 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...