Alimpaşa Məmmədov 40 manata satdığı bazarın müdirindən 218 min AZN rüşvət alıb
Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə araşdırılan iş üzrə şahid ifadələrinin dinlənilməsinə başlanılıb.
Prosesdə “Ağstafa Su Tikinti” ASC, Şəmkir Bina, Körpü, Yol və Su Tikintisi quraşdırma İdarəsinin müdiri, “Şəmkir bazarı” MMC-nin sədri Vaqif Məmmədov ifadə verib.
İttihama görə, Vaqif Məmmədov Şəmkir şəhərində abadlıq işlərinin görülməsi, xidmət üzrə ümumi himayədarlıq üçün Alimpaşa Məmmədova 218 116 manat rüşvət verib.
Alimpaşa Məmmədov həmin məbləği köməkçisi Mahir Əliyevin vasitəsilə öz xidməti otağında alıb.
Şahidin məhkəmədəki ifadəsindən o da məlum olub ki, “Şəmkir Səbəti” bazarının paylarının bir hissəsi oğlu Orxan Məmmədliyə məxsusdur. Digər hissələr isə Alimpaşa Məmmədovun oğlu Adil Məmmədov və köməkçisi Mahir Əliyev arasında bölüşdürülüb.
İttihamda Alimpaşa Məmmədovun həmin bazarı sözügedən şəxslərə cəmi 40 manata satdığı qeyd olunub.
Vaqif Məmmədov ifadəsində bazarın tikinti işlərinin 90 faizini onun şirkətinin apardığını deyib.
Proses dekabrın 22-də davam etdiriləcək.
Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.
Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.
603 dəfə oxundu