"Sevil Massivi"nin məhkəməsində zərərçəkənlər: - "Pulumuzu qəpiyinə qədər istəyirik"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Sevil Massivi" təsisçisi Aynur Zeynalov, kooperativin direktoru Elçin İsmayılov, həmçinin digər təqsirləndirilənlər - Zabit Çələbiyev, Mirnamat Miradiyev, Səbinə Əliyevanın cinayət işi üzrə məhkəməsi davam edib.
Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə 32 nəfər zərərçəkən çıxış edib. Onlar dəymiş ziyanın qəpiyinə qədər ödənilməsini tələb ediblər.
Məhkəmə prosesi fevralın 22-də davam edəcək.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq zamanı kooperativin təsisçisi A.Zeynalovun, MTK-nın direktoru E.İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi lisenziya tələb olunduğu halda belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən onlar barəsində Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başlanıb.
Məlum olub ki, "Sevil Massivi" MTK-nın məsul şəxsləri - A.Zeynalov və E.İsmayılov Abşeron rayon Hökməli bələdiyyəsinin sədri Mirnamat Miradiyevlə əldə etdikləri şifahi razılaşmaya əsasən, bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, eləcə də ayrı-ayrı şəxslərin mülkiyyətində olan "At yalı" və "Sonalı sahəsi" adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edərək həmin torpaqların vətəndaşlara faizsiz kreditlə satışını həyata keçiriblər. Vətəndaşlar tərəfindən isə həmin torpaq sahələrində layihə-smeta sənədləri olmadan, dövlət qeydiyyatına alınmadan 200 fərdi yaşayış evinin tikintisi həyata keçirilib. Kredit ödənişləri başa çatdıqdan sonra bələdiyyəyə məxsus olmayan sahələr bələdiyyə tərəfindən hərraca çıxarılmaqla satılaraq vətəndaşların adlarına rəsmiləşdirilib.
Bundan başqa, "Sevil Massivi" MTK tərəfindən qeyd olunan ərazinin təyinatına uyğun olmadan orada 100-dən artıq çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulub, həmçinin müvafiq dövlət qurumları ilə razılaşdırılmadan, o cümlədən qanunsuz olaraq aparılan tikinti işlərinin dayandırılması barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi xəbərdarlıqlarına məhəl qoymayaraq binaların 14-nün özülü qazılmaqla, onlardan 4-də ilkin tikinti işləri həyata keçirilib. Bununla belə, təyinatına görə örüş torpaqları olan həmin sahələrdə qanunsuz tikiləcək çoxmənzilli yaşayış binalarından vətəndaşlara mənzillər satılıb.
Təqsirləndirilən şəxslər 162-1.1 (Əmək mühafizəsi qaydalarını pozma, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa), 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2 (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, əməllər ağır nəticələrə səbəb olduqda), 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə), 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.
1127 dəfə oxundu