Bələdiyyələr vergiləri bu cür toplayacaq - Yenilik

Bələdiyyələr vergiləri bu cür toplayacaq -


Yerli (bələdiyyə) vergilər və ödənişlərin Mərkəzi Bank tərəfindən yaradılmış Hökumət Ödəniş Portalı (HÖP) infrastrukturu vasitəsilə toplanması mümkün oldu

Bu barədə Mərkəzi Bankdan məlumat veriblər.

Xəbərdə deyilir ki, hazırda respublikada fəaliyyət göstərən bütün kommunal xidmət təşkilatları, mobil və stasionar rabitə operatorları ilə yanaşı, Maliyyə, Vergilər, İqtisadiyyat, Daxili İşlər, Təhsil, Energetika və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, “Azərbaycan İpoteka Fondu” ASC, Dövlət Miqrasiya Xidməti yaradılmış infrastruktura inteqrasiya olunub. Eyni zamanda, HÖP infrastrukturu Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yaradılmış “Elektron Hökumət” dövlət informasiya resursu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya resursları ilə tam şəkildə inteqrasiya olunub.

Layihənin cari mərhələsində Vergilər Nazirliyi tərəfindən yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması, habelə yerli (bələdiyyə) vergi və ödənişlərin elektron qaydada hesablanması məqsədilə yaradılıb və 20 bələdiyyədə quraşdırılmış Bələdiyyə Vergi İnformasiya Sistemi (BVİS) HÖP infrastrukturuna inteqrasiya olunub. Növbəti mərhələdə Vergilər Nazirliyi tərəfindən bütün bələdiyyə orqanlarının yaradılmış infrastruktura qoşulması üzrə fəaliyyət davam etdiriləcək və cari ilin sonuna kimi bu proses əsasən başa çatdırılacaqdır.

Yerli (bələdiyyə) vergi və ödənişlərin toplanılması prosesində tam şəffaflığın təmin olunması məqsədilə əməliyyat gününün sonunda qəbul edilmiş vəsaitlərin müvafiq hesablara çatdırılması üzrə portalda elektron üzləşmə aparılır və bu haqda BVİS-ə məlumat verilir.

Ödəyicilər yaradılmış infrastruktura qoşulmuş bələdiyyə orqanları üzrə artıq ölkənin istənilən regionunda "Azərpoçt" MMC-nin və 36 bankın 2000-ə yaxın ödəniş məntəqəsində və özünəxidmət terminallarında nağd formada, həmçinin ödəniş kartlarından istifadə etməklə HÖP-ün internet resursları və “Elektron Hökumət” portalı vasitəsilə nağdsız formada ödənişlərini həyata keçirə bilərlər. Xatırladırıq ki, yuxarıda qeyd olunan istənilən üsulla yerli (bələdiyyə) vergilər və ödənişlərin aparılması üçün bələdiyyə vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən (VÖEN) və ya şəxsiyyət vəsiqəsinin seriya və nömrəsindən istifadə edilə bilər.(virtualaz.org)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1077 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...