Yekaterinburqda polis azərbaycanlıların yubiley tədbirinə basqın edib

Yekaterinburqda polis azərbaycanlıların yubiley tədbirinə basqın edib


Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara məxsus restoranda azərbaycanlı iş adamının 50 illik yubileyi münasibətilə təşkil olunan tədbirə yerli polis xüsusi təyinatlıları tərəfindən basqın edilib.

Hadisənin iştirakçılarından olan iş adamı Mehman Ağamuradov APA-ya bildirib ki, hadisə martın 30-da saat 21:00 radələrində baş verib. Polis aralarında qadın və uşaq da olmaqla, 100-ə yaxın azərbaycanlını saxlayıb. Onların arasında Azərbaycandan dəvət edilmiş tanınmış meyxanaçılar Ehtiram və İntiqam Rüstəmov qardaşları da olub.

M. Ağamuradov deyib ki, şəhərdə yaşayan azərbaycanlıların - təxminən 160 nəfərin iştirak etdiyi məclis Ağayar Ağayev adlı iş adamının yubileyinə həsr olunub: “Hər hansı problem və ya narahatlıq yox idi. Məclisin ortasında qəflətən pəncərədən və qapıdan xüsusi təyinatlılar bizə hücum etdilər. Hər tərəfi dağıdıb, qadın-uşaq qarışıq, əllərimizi bağlayaraq yerə yıxdılar. 100-ə yaxın azərbaycanlını, mən də daxil olmaqla, polis idarəsinə apardılar. Səhərədək saxlayıb, sonra sərbəst buraxdılar. Heç bir səbəb də göstərmədilər. Sadəcə, saxlanılanları səhərə qədər beş-beş, on-on sərbəst buraxaraq dedilər ki, gedə bilərsiniz. İndiyə qədər belə bir şey olmamışdı”.

Qeyd edək ki, hadisə barədə Rusiyanın xəbər agentlikləri də məlumat yayıb. Lakin bu məlumatlarda polisin kriminal avtoritetlərin yığıncağına müdaxilə etdiyi iddia olunur. Xüsusi əməliyyata Federal Təhlükəsizik Xidmətinin əməkdaşları da cəlb edilib. Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən bildiriblər ki, əməliyyat zamanı hadisə yerində narkotikə oxşayan maddə, habelə bıçaq və dəyənək aşkarlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
883 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...