Rusiyada gizli bank yaradan azərbaycanlı saxlanıldı
Polis və FTX əməkdaşları Yekaterinburqda tərəvəz bazasında etnik cinayət qrupunun idarə etdiyi, gündəlik gəliri 5 milyondan 30 milyona qədər olan gizli bank aşkar ediblər. Bu barədə RİA Novosti-yə DİN Sverdlovsk vilayəti üzrə Dövlət İdarəsinin nümayəndəsi Valeri Qorelıx bildirib. Qorelıxın sözlərinə görə, 1976-cı il təvəllüdlü Azərbaycan vətəndaşının başçılıq etdiyi qruplaşmanın bir hissəsi çirkli pulların yuyulması ilə məşğul olur, eləcə də tərəvəz bazasının kommersiya işiniə nəzarət edirdi.
“Ofisdə maliyyə-təsərrüfat sənədləri, eləcə də nağd pul vəsaitinin satışı, konvertasiyası və sonradan onların Rusiya ərazisindən çıxarılması ilə əlaqədar qanunsuz maliyyə əməliyyatlarını həyata keçirildiyini təsdiqləyən əşyalar aşkar edilib və müsadirə olunub”, - DİN Dövlət İdarəsinin nümayəndəsi bildirib. O, bunların debet plastik kartları, bank kompüter proqramları və bir günlük şirkət möhürləri olduğunu dəqiqləşdirib. Bundan başqa, seyfdə 4,5 milyon rubl (68 min dollar) və “qara mühasibatlıq” tapılıb.
İstintaqın məlumatına görə, cinayətkar qrupa sabiq sovet respublikalarından birinin vətəndaşı rəhbərlik edir. Mütəşəkkil cinayət qrupunun üzvləri qarətlər, narkotik vasitələrin satışı, qanunsuz əldə edilmiş gəlirlərin qanuniləşdirilməsi ilə məşğul olurlar.(oxu.az)
909 dəfə oxundu