Hacı Məmmədovdan yeni xəbər var

Hacı Məmmədovdan yeni xəbər var


Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, hazırda həbsdə olan Hacı Məmmədovun Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində müayinələri davam etdirilir. Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov məlumat verib.

Rəis müavini H.Məmmədovun müəssisəyə konkret diaqnozla daxil olmadığını bildirib: "Hacı Məmmədov aprelin 25-də müəssisəyə müayinə məqsədilə daxil olub. Şikayəti əsasən tənəffüs problemləri ilə əlaqədardır, ağciyərində narahatlıq olduğunu bildirib. Daxil olduğu gündən onun müayinələri davam etdirilir, bütün tibbi tədbirlər görülür. Hazırda onun həyati təhlükəsi olmadığı bildirilir, vəziyyəti stabildir".

İ.Qurbanov deyib ki, hələlik müayinələr tam başa çatmadığından həkimlər onun barəsində konkret diaqnoz təyin etməyib.

Xatırladaq ki, Hacı Məmmədov istintaq təcridxanasında saxlanılarkən bir çox xəstəliklərdən əziyyət çəkirdi. Qeyd edək ki, ötən il oktyabrın 17-də milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunandan sonra H.Məmmədov barəsində olan cinayət işinin yenilənməsi və işdə yeni hal olması ilə bağlı Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə və Ali Məhkəməyə müraciət etmişdi. Ali Məhkəmə müraciəti plenuma çıxarmayaraq işi baxılmamış saxlayıb.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib. H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib. 2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
956 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...