Prokuror Saday Şəkərliyə 10 il cəza istədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şair Saday Şəkərlinin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Hakim məhkəmə istintaqının tamamlandığını bildirib. Dövlət ittihamçısı çıxış edərək Saday Şəkərlinin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi mayın 16-da davam edəcək. Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini S.Şəkərovun külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.
S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, S.Şəkərov Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairdir.
873 dəfə oxundu