Xətaidə yanan binaya görə həbs edilənlər ev dustaqlığına buraxılmadı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Musavat.com-un prosesdə iştirak edən müxbiri xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə hazırlıq iclası keçirilib.
Prosesdə təqsirləndirilən hər üç şəxsin vəkili hüquqlarını müdafiə etdikləri şəxslərin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırdılar. Məhkəmədə iştirak etmiş zərərçəkmiş kimi tanınan şəxslər bu vəsatətin təmin olunması ilə bağlı razılıqlarını bildirdilər. Dövlət ittihamçısı Mübariz Mirili çıxışında qaldırılan vəsatətlərin təmin olinması üçün heç bir əsasın olmadığını və işin məhkəmə baxışına göndərilməsi ilə bağlı vəsatət qaldırdı.
Vəsatətlər qaldırıldıqdan sonra məhkəmə müşavirəyə yollandıb. Müşavirədən sonra hakim təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlərinin əsassız olduğundan təmin edilmədiyini bildirdi. Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.
Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə “TNH” şirkətinin fəaliyyətinə, istehsal etdiyi “poliuretan” məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb.
Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən - qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs-qətimkan tədbirinin müddəti artırılıb.
841 dəfə oxundu