'Coca-Cola'nın direktorunu öldürən azərbaycanlıya 16 il hökm oxundu
Vyaçeslav Finogenov 22, Denis Çxitauri isə 16 il müddətinə azadlıqdan məhrum edilib. Sankt-Peterburq məhkəməsi “Coca-Cola” şirkətinin yerli zavodunun direktoru Dmitri Soşnevi öldürən şəxslər barəsində hökm çıxarıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, məhkəmənin qərarı ilə Vyaçeslav Finogenov 22 il, Azərbaycan vətəndaşı olan Denis Çxitauri isə 16 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qərar oxunan zaman prokuror V. Finogenova ömürlük, D. Çxitauriyə isə 21 il həbs cəzası tələb etmişdi. Barələrində qərar çıxarılan şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Məhkəmə həmçinin qətlə yetirilən şəxsin həyat yoldaşının və uşağının da xeyrinə qərar çıxarıb və onlar üçün 2,5 milyon rubl təzminat (59 min manat) ödənməsini tələb edib.
Sankt-Peterburqda yoxa çıxan "Coca-Cola ABC Avrasiya" zavodunun direktoru 37 yaşlı Dmitri Soşnevin meyiti 2014-cü il dekabrın 3-də tapılıb. Aparılan araşdırmalar nəticəsində həmin şəxsin öldürüldüyü məlum olub. Qətldə ittiham edilən şəxslər saxlanılıb. Polisin məlumatına görə, onlardan biri 28 yaşlı Azərbaycan vətəndaşı Denis Çxitauri və 46 yaşlı Vyaçeslav Finogenovdur. Məlumata görə, onlar iş adamına Frunzensk rayonunda görüş təyin ediblər. Orada direktora atəş açılıb.
Daha sonra qatillər mərhumun üzərindəki 150 min rubl (təqribən 3 min 495 manat) pulu və maşının sənədlərini götürərək hadisə yerindən qaçıblar. Şübhəli şəxslər hadisəni törətdikləri yeri göstəriblər. Qətlə yetirilən Dmitri Soşnevi sonuncu dəfə 2014-cü ilin noyabr ayının 28-də zavodun ərazisində görüblər. Yoxa çıxdığı gün Soşnevin üstündə böyük məbləğdə pul olub. Dekabrın 1-də qohumları onun itkin düşməsi haqda polisə müraciət edib. Soşnev uzun müddət narkotik maddə istifadəçisi olub. Onun narkotik üstündə yaranan mübahisəyə qurban gedə biləcəyi istisna edilmir. Öldürülən direktorun iki uşağı olub.
891 dəfə oxundu