Hüquq müdafiəçisi yenidən məhkəmə zalında həbs edildi

Hüquq müdafiəçisi yenidən məhkəmə zalında həbs edildi


Şirvan Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rasim Əlizadənin barəsində olan hökmdən verdiyi apellyasiya şikayəti və prokurorun verdiyi apellyasiya protesti əsasında məhkəmə başa çatıb.

APA-nın məlumatına görə, qərara görə, prokurorluğun protesti təmin edilib və hökmdən Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi aradan qaldırılıb.
Məhkəmə Rasim Əlizadənin barəsində 5 il 1 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib. Onun barəsində həbs qətiimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib.


Qeyd edək ki, Rasim Əlizadə 2012-ci ilin oktyabr ayında həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə ittiham edilib. Rasim Əlizadə 2014-cü ilin noyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Rasim Əlizadə apellyasiya şikayəti verib.

Bakı Apelyasiya Məhkəməsinin 1 fevral 2015-ci il tarixli qərarı ilə Rasim Əlizadənin barəsində olan hökm ləğv edilib və iş araşdırılması üçün yenidən birinci instansiya məhkəməsinə qaytarılıb. Rasim Əlizadə Bakı Ağır Cinayətlər Məhkəməsinin bütün tərkibinə etiraz verdiyi üçün işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rasim Əlizadənin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, 5 il 1 ay 18 gün müddətinə şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan prokuror apellyasiya protesti verib. Prokurorluq protestində Rasim Əlizadənin həbs edilməsini istəyib. Həmçinin Rasim Əlizadə də barəsində bəraət hökmünün çıxarılması barədə apellyasiya şikayəti verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
932 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...