Yuxuda arvadını kişi ilə “tutan” ərin şikayəti rədd edildi
Bakı Apelyasiya Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən 1978-ci il təvəllüdlü Aydın Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Qail Məmmədov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın Məmmədov 17 il müddətinə azadlqıdan məhrum edilib. Təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. İttihama görə, Aydın Məmmədov 12 avqust, 2014-cü ildə Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi ev 8, mənzil 41 ünvanında həyat yoldaşı Elnarə Məmmədovanı yuxudan durğuzaraq onu möhkəm döyüb, saçından yapışaraq yerdə sürüyüb, daha sonra isə bıçaqla çoxsaylı zərbələr endirərək xüsusi amansızlıqla qətlə yetirib.
Təqsirləndirilən şəxs qismində dindirilən Aydın Məmmədov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində Elnarə Məmmədova ilə 2007-ci ildə ailə həyatı qurduqlarını, birgə nikahdan iki övladları olduğunu göstərib. İfadəsində arvadını qısqanclıq zəminində qətlə yetirdiyini etiraf edən A.Məmmədov bu addımı atmasının səbəbini gördüyü yuxu ilə əlaqələndirib.
A.Məmmədov ifadəsində yuxunun təsiri nəticəsində hətta bir dəfə arvadını möhkəm döydüyünü, bu səbəbdən də Elnarə küsərək bacısıgilə getdiyini və baş verənlərlə bağlı Pirallahı Rayon Polis Şöbəsinə şikayət etdiyini göstərib. Polis bölməsində araşdırma aparılıb. Polisə və Elnarənin ailə üzvlərinə yuxuda gördüklərini danışıb. A.Məmmədova “ağlını başına yığmağı” məsləhət görüblər.
Hadisə baş verən gün ər-arvad arasında mübahisə düşüb. Mübahisə zamanı Elnarə artıq bezdiyini, təkbaşına evi dolandıra bilmədiyini deyib. Sərxoş vəziyyətdə olan A.Məmmədov Elnarənin dediyi sözləri xatırlayıb. Stolun üstündən bıçağı götürüb arvadı yatan otağa keçib. Qadının saçından yapışıb çarpayıdan yerə salıb, zərbələr endirib, boğmağa başlayıb.
Həyat yoldaşını qətlə yetirdikdən sonra Aydın Məmmədov özü də intihar etmək niyyətinə düşüb. Amma bu istəyini həyata keçirə bilməyib.
1513 dəfə oxundu