Məhkəmə “İdeal”ın keçmiş sahibinin vəsatətini təmin edib

Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

“Report” xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda sənədlərin tədqiqi və elan olunması ilə davam edib.

Prosesdə İ.İsmayılovun vəkilləri İlhamə Həsənova ilə Rəşad Əliyev məhkəməyə vəsatətlər təqdim ediblər.

Müdafiəçilər bildiriblər ki, “İdeal Kompani” MMC-nin 2013-2016-cı illər üçün gündəlik kassa əməliyyatları adlı məlumatlar yaddaş kartına köçürülərək cinayət işi materiallarına əlavə edilib.

Eyni zamanda müdafiə tərəfi məhkəmə istintaqının gedişində məhkəməyə İ.İsmayılov tərəfindən “İdeal Kompani”nin kassasına 18 mart 2014-cü ildə mədaxil edilmiş 1 milyon 13 min 528 manat, 02 aprel 2014-cü ildə 1 milyon 13 min 526 manat, 22.10.2014-cü il tarixdə 1 milyon 500 min, 01.08.2013-cü il tarixdə 939 800 ABŞ dolları ödənilməsi ilə bağlı sənədlər təqdim edib.

“Bundan başqa, məhkəmədə şahid qismində dindirilən mühasib Samirə Quliyeva və şirkətin maliyyə məsələləri üzrə səlahiyyətli şəxsi - inkassator Həbib Qarayev həmin məbləğlərin İlqar İsmayılovun adından “İdeal Kompani”nin kassasına mədaxil etdiyini təsdiqləyiblər. İttiham tərəfi İlqar İsmayılovu “İdeal”dan 680 min manat mənimsəmədə ittiham edir. Lakin təqdim edilən sənədlərdən görünür ki, İlqar İsmayılov tərəfindən milyonlarla vəsait şirkətə mədaxil olunmuşdur”, - vəkil İ.Həsənova bildirib.

O vəsatətində xahiş edib ki, iş materiallarında olan yaddaş kartına köçürülən şirkətin gündəlik kassa əməliyyatlarında həmin məbləğlərin mədaxil olduğu günlərə baxış keçirilsin və məsələ məhkəmədə araşdırılsın: “Həmin vəsaitlərin köçürülməsi təsdiqini taparsa, İlqar İsmayılova qarşı mənmisəmə ittihamı öz əhəmiyyətini itirir və buna görə də ona bəraət verilməlidir”.

Məhkəmə vəsatəti təmin edərək, növbəti iclasda yaddaş kartına baxış keçirilməsinə qərar verib.

Müdafiə tərəfi digər vəsatətində deyib ki, İ.İsmayılova qarşı ittihamlardan biri də “İdeal Kompani” MMC-dən 1 iyun 2013-cü ildə 280 min manat məxaric edilərək
Məhkəmə “İdeal”ın keçmiş sahibinin vəsatətini təmin edib
“Şəhər bağları”nda mənzil alınması ilə bağlıdır: “Bu ittiham da tamamilə əsassızdır və həmin məbləğ “İdeal Kompani” üçün icarə haqqı olaraq ödənilməsi üçün çıxarılmışdır və bunu təkzib edən sübutu – ev alqı-satqısını həyata keçirmiş şəxslər arasında razılaşmanı məhkəməyə təqdim edirik. Sənəddə qeyd edilir ki, həmin mənzil 23 aprel 2013-cü ildə sözügedən mənzil İlqar İsmayılov tərəfindən 280 min manata deyil, 1 milyon manata alınıb və vəsait tam şəkildə mənzilin sahibinə ödənilib”.

Vəkil İ.Həsənova həmin sənədi imzalamış şəxslərin məhkəməyə çağırılıb dindirilməsini xahil edib.

Məhkəmə vəsatətin müzakirəsini növbəti iclasa saxlayıb.

Vəkil İ.İsmayılovun digər ortağının nümayəndəsi Fuad Əliyevin də məhkəməyə çağırılaraq dindirilməsi barədə vəsatət verib.

İ.İsmayılov da vəsatəti dəstəkləyib.

Proses noyabrın 1-də davam edəcək.

Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
608 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...