Ata Abdullayevin məhkəməsində xalası oğlu dindirilib

Ata Abdullayevin məhkəməsində xalası oğlu dindirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report" xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elçin Ələkbərov dindirilib.

O bildirib ki, telefon alqı-satqısı ilə məşğul olur: “Elmar Əliyev mənə zəng edərək "İphone 11 ProMax" telefonunu hazır etməyini söylədi. Ortaq dostumuz Elgiz gəlib telefonu götürdü. Ona 2 400 manata satdığım telefonun kimə alındığından xəbərim olmayıb”.

Daha sonra prosesdə şahid qismində A.Abdullayevin xalası oğlu Səməd Məmmədov ifadə verib. O deyib ki, təqsirləndirilən şəxsin sosial şəbəkədəki səhifəsini idarə edib: "İxtisasca dizayner və qrafikəm. İşim videoları montaj edib, paylaşmaq olub. Gündəlik saytlardan maraqlı xəbərləri götürüb, səhifədə paylaşmışam. Canlı yayımları isə mən etməmişəm".

Digər şahid Namiq Əliyevin sözlərinə görə, telefonu metronun “28 may” stansiyasının yaxınlığında yerləşən mağazadan alıb: "Mağazada öz telefonumu verdim və "İphone 11 ProMax" telefonu aldım. Öz telefonumu isə 800 manata satdım, üzərində də 1 200 manat pul verdim. İstintaqda dedilər ki, telefon Ata Abdullayevin olub. Hazırda telefon məndədir və işlədirəm".

Telefon satışı ilə məşğul olan şahid Azər Abbasov söyləyib ki, A.Abdullayev onların mağazasından tez-tez telefon alıb: “O, həmin "İphone 11 ProMax" telefonunu mənə satıb”.

Məhkəmənin növbəti iclası noyabrın 16-na təyin edilib.

Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb və barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

İttihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və “Formula-1” yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2400 manatlıq “iPhone 11 Pro Max” telefonu alıb.

Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmaması ilə bağlı video yaymaqla hədələyib.

Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan pul tələb edib.

A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.

Bununla əlaqədar ona CM-in 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələrilə ittiham verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
641 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...