"Məhkəməyə elə sənədlər verəcəm, görəcəksiniz ki, yazdıqları doğru deyil"

"Məhkəməyə elə sənədlər verəcəm, görəcəksiniz ki, yazdıqları doğru deyil"
"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə istintaqı başlayıb.

Gundeminfo.az APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən bugünkü proses təyin olunduğu vaxtdan gec başlayıb.Buna səbəb Rasim Məmmədovun vəkillərinin məhkəməyə gəlməməsi olub.

İki saat sonra müdafiəçi Pərviz Məmmədov məhkəməyə gəlib. O, əvvəldən xəbərdarlıq etmələrinə baxmayaraq prosesə məcburi çağırıldıqlarını deyib.

Hakim bildirib ki, vəkillər başqa məhkəmə işlərilə əlaqədar prosesin təxirə salınması haqda müraciət etsələr də, bununla bağlı heç bir sübut yoxdur. Rasim Məmmədov özü də məhkəməyə vacib sənədlər təqdim edəcəklərini deyib. O, ekspertiza rəylərində rəqəmlərin şişirdiyini bildirib: “Ekspertiza rəyində göstərilən qədər istehsalat, satış olmayıb. 19 ay ərzində bizimlə işləməyiblər, bizdən heç nəyi soruşmayıblar. Kimə nə qədər verilməsi barədə dəftərçədəki bu rəqəmlərə baxıb özlərindən rəqəmlər düzəldiblər. Mən məhkəməyə elə sənədlər verəcəm, görəcəksiniz ki, onların yazdıqları doğru deyil".

İclasda ittiham aktı elan olunub.

İttihamda göstərilib ki, Rasim Məmmədov “Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri olduğu müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil etməkdə, o cümlədən rəqəmləri şişirtməkdə, başqa şəxslərin adına şirkətlər yaradıb, şirkətin mallarını aşağı qiymətlərlə satmaqla, “Baku Steel Company”in məhsullarını öz obyekt və yaşayış binalarına sərf edib. Bütün bunlarla təqsirləndirilən şəxs ümumilikdə təxminən 55 milyon manatlıq mənimsəmə və israfetməyə yol verib.

Göstərilən cinayət əməllərinə görə, Rasim Məmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham verilib.

İttiham aktının elanı başa çatan ərəfədə digər vəkillər də prosesə qatılıb.

İttihama münasibət bildirən Rasim Məmmədov özünü təqsirli bilmədiyini deyərək nədə təqsirləndirildiyini anlamadığını bildirib.

Vəkil Elçin Sadıqov da ittihamın mahiyyətinin aydın olmadığını bildirib: “İttihamda göstərilir ki, ƏDV-dən (Əlavə Dəyər Vergisi) yayınmaqla şirkətə ziyan vurub. ƏDV şirkətindir, yoxsa dövlətin, yaxud da Rasim Məmmədov hansı fiziki şəxslərə ziyan vurub?”

Prokuror məhkəmə istintaqı gedişində bütün məsələlərə aydınlıq gətiriləcəyini bildirib.

Rasim Məmmədova ittihamlarla bağlı sərbəst ifadə verməyə hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.

Hakimlər ifadə verməyə hazırlaşmaq üçün sentyabrın 12-nə qədər vaxt verib, lakin verilən müddət təqsirləndirilən şəxsi və vəkilləri qane etməyib: “Şənbə-bazar günü təcridxanaya vəkillər buraxılmır, siz də növbəti məhkəməni birinci günə təyin etdiniz. Biz nə vaxt görüşüb məsləhətləşək?”

Vəkillər isə sentyabrın 12-də başqa bir iş üzrə məhkəmə prosesində iştirak edəcəklərini bildirərək prosesin başqa vaxta təyin edilməsini istəyiblər. Məhkəmə qərarı dəyişməyib.

Onu da qeyd edək ki, bu gün sabiq deputat Nazim Bəydəmirli də məhkəməyə gəlib.

O, jurnalistlərə Rasim Məmmədovun əməllərindən ziyan çəkdiyini, lakin zərərçəkmiş qismində tanınmadığını deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
587 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...