Riyaziyyat və Mexanika İnstitutu kimlərlə “əməkdaşlıq” edir?

Riyaziyyat və Mexanika İnstitutu kimlərlə “əməkdaşlıq” edir?
Riyaziyyat və Mexanika İnstitutu 2022-ci ilin dekabr ayının 12-də “inventarların alınması” lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, institutun yekun vurduğu bu satınalmanın məbləği 11.2235 manat olub.

İnstitut satınalmada nizamnamə kapitalı 5 manat olan “DİSCOVERY AA” (VÖEN: 2906788651) Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan edib.

“DİSCOVERY AA” Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-ci ilin avqust ayının 22-də dövlət qeydiyyatına alınıb.

Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri 10 mkr, ev 42 mənzil 59, qanuni təmsilçisi isə Abdullayeva Sədaqət Həsən qızıdır.

“DİSCOVERY AA” MMC-nin fəaliyyət profili, əlaqə telefonu, lisenziya və faktiki ünvanı barədə açıq internet resurslarında məlumat yoxdur.

Bu təşkilatın hüquqi ünvanında – Sumqayıt şəhəri 10 mkr, ev 42 mənzil 59 ünvanında “DİSCOVERY AA” MMC adlı təşkilatı tanımadıqlarını bildirdilər.

Sumqayıt şəhəri 10 mkr, ev 42 mənzil 59 ünvanı daha bir neçə təşkilata hüquqi ünvan seçilib (RPS MMC – vöen 2901835771).

Digər ilginc məqam isə “DİSCOVERY AA” MMC-nin qanuni təmsilçisi Abdullayeva Sədaqət Həsən qızının adına çoxsaylı MMC-lərin təsis edilməsidir.

Belə ki, “DİSCOVERY AA” MMC ilə eyni tarixdə – 2022-ci ilin avqust ayının 8-də Abdullayeva Sədaqət Həsən qızının adına daha bir təşkilat – “SÜNBÜL SERVİS” MMC (VÖEN: 2906791031) dövlət qeydiyyatına alınıb.

Məlumata görə Abdullayeva Sədaqət Həsən qızı “Proxy” şəxsdir, onun adına təsis edilən MMC-lər bəzi büdcə təşkilatlarının satınalmalarında şübhəli formada “iştirak” edir.

Qlobal.az məsələ ilə bağlı Riyaziyyat və Mexanika İnstitutundan mövqe öyrənib. Riyaziyyat və Mexanika İnstitutunun baş direktorunun müavini, eyni zamanda baş meneceri Mehdi Məmmədovun açıqlamasında deyilir: “12 dekabr 2022-ci il tarixində “İnventarların alınması” üzrə kotirovka sorğusunun nəticəsi olaraq “Discovery AA” MMC qalib seçilmişdir. “Discovery AA” MMC –nin qalib seçilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təsdiqlənmişdir. Məktubla bağlı “Discovery AA” MMC-nin həmin tarixə təqdim etdiyi bütün sənədlər bir daha yoxlanılmış, natorial qaydada təsdiq olunmuş və tələblərə uyğun olduğu müəyyənləşmişdir. Kotirovka sorğusu metodu ilə keçirilmiş müsabiqə Dövlət Satınalmalar haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq keçirilmişdir.”.

Qeyd edək ki, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdənovdur.

M.Mərdənov 2013-cü ildən İnstituta rəhbərlik edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
360 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...