"Bakı Sağlamlıq Mərkəzində tibbi heyətin əsas məqsədi o idi ki, zaman qazansınlar, bizi mümkün qədər yubatsınlar"

"Bakı Sağlamlıq Mərkəzində tibbi heyətin əsas məqsədi o idi ki, zaman qazansınlar, bizi mümkün qədər yubatsınlar"
"Bakı Sağlamlıq Mərkəzində tibbi heyətin əsas məqsədi o idi ki, zaman qazansınlar, bizi mümkün qədər yubatsınlar"
Bakıda 11 yaşlı Xədicə Babazadə təxminən iki həftədir həyat mübarizəsi aparır. Uşaq diş müalicəsi üçün aparıldığı Bakı Sağlamlıq Mərkəzində komaya düşüb. Ona müayinə aparılmadan narkoz verilib, az sonra beynin əsas ocaqları iflic olub.
Bizimyol.info xəbər verir ki, Xədicə Babazadə valideynləri ilə Bakı Sağlamlıq Mərkəzinə fevralın 21-də gedib. Mərkəzin üçüncü mərtəbəsindəki stomatoloji kabinetə yaxınlaşıblar.

Atası Zamin Babayev deyir ki, uşaqda iki dişin müalicəsinə ehtiyac vardı:

“İki dişə plomb qoyulmalıydı. Həm də bir dişin kanalını təmizlətdirməliydik. Narkoza heç ehtiyac yox idi. Orada narkoz təklif eləyəndə həyat yoldaşım bununla razılaşmayıb. Stomatoloqun köməkçisi ilə yazışmalarımız da var. Mən həmin dialoqda iştirak eləməmişəm. Avtomobilə parkinq üçün yer tapıb yuxarı qalxana qədər artıq uşağa narkoz vermişdilər. Biz lap narkoz istəsək belə, həkimlər işə peşəkar yanaşmalıdır. Məsələn, müayinələr aparmalıydılar..."

Zamin Babayevin sözlərinə görə, təxminən 40 dəqiqə sonra stomatoloji kabinetin qarşısında ajiotaj hiss ediblər.

“Gördük ki, uşağın başına tibbi heyətin xeyli nümayəndəsi toplaşıb. Soruşanda dedilər, uşağın təzyiqi düşmüşdü, qaydasına salırdıq. Bizi beləcə aldatdılar. Guya reanimasiyaya yerləşdirirlər, bir saata evə yola salacaqlar. Ola bilər ki, anestezioloq uşağa dozadan artıq narkoz verib. Sonra nəzarət eləməyib, uşağın yanında olmayıb”.

Xədicə Babayeva dörd gün Bakı Sağlamlıq Mərkəzində saxlanılıb. Bu müddətdə valideynlərə hər dəfə dəqiq məlumat verilməyib. Babayevlər ailəsi sonradan öyrənib ki, beynin zədələnməməsi üçün ilk 72 saatdakı müdaxilə çox vacibmiş. Yeniyetmənin beyni uzun müddət oksigensiz qaldığından, koma qaçılmaz olub.

“Bakı Sağlamlıq Mərkəzində tibbi heyətin əsas məqsədi o idi ki, zaman qazansınlar, bizi mümkün qədər yubatsınlar. Həmin dörd gün ərzində çox yuxusuz qaldıq, yorğun düşdük. Onlar da istəyirdilər ki, bizi əldən salsınlar, baş verənləri sakit qarşılayaq”.

Zamin Babayev fevralın 25-dı qızını Bakı Sağlamlıq Mərkəzindən çıxararaq Mərkəzi Klinik Xəstəxanaya aparıb. Burada həkimlər ümidverici söz demirlər.

Beynin əsas ocaqları iflic olub. Həkimlər ümidverici söz demirlər. Beyinə hüceyrə kökü köçürülməli olduğu bildirilir. Heç bu da Xədicənin ayağa qalxacağına tam zəmanət vermir. Təxminən 10 əməliyyata ehtiyac var. Əməliyyatlar da Türkiyədə həyata keçirilməlidir. Təkcə bir aparata 20-30 min avro xərclənə biləcəyi deyilir.

Stomatoloq Bəhruz Rüstəmov işini doğru yerinə yetirdiyini iddia edir. O, birbaşa ifadələrlə deməsə də, məsuliyyəti anestezioloqun üzərinə atır:

“Mən əvvəlcə 46-cı dişin restavrasiyasını həyata keçirdim. Müalicə təxminən 15 dəqiqə sürdü. Daha sonra 21-ci dişin endodontik müalicəsinə başladım. Kök kanallarının mexaniki, medikamentoz işlənməsindən sonra onu doldurdum. Prosedurun sonunda anestezioloq mənə işi təcili dayandırmalı olduğumu bildirdi. Mən işi saxladım və prosedur otağında olan anestezioloq pasiyentin vəziyyətini dəyərləndirəndən sonra təcili digər anestezioloq-reanimatoloqları prosedur otağına çağırdı. Bundan sonra mən heç bir stomatoloji müdaxilə etmədim”.

Xədicə Babazadənin ağır komadan nə vaxt ayılacağı bilinmir. Nərimanov Rayon Prokurorluğu bu hadisə ilə əlaqədar araşdırmaya başlayıb.

Zamin Babayevin anestezioloqun Nərmin adlı qadın olduğunu, amma onun ortada görünmədiyini deyir.

Bu hadisə ölkə səhiyyəsinin necə bərbad durumda olduğunu aşkar göstərir. Adicə diş müalicəsi uşağın sağlamlığının tamamilə sıradan çıxması ilə nəticələndi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
581 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...