Beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH razılıq verdi, zirzəmi mənzil edildi (VİDEO)
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 182 ünvanında yerləşən beşmərtəbəli binanın zirzəmisinin Yasamal Rayon İcara Hakimiyyəti tərəfindən sahibkarlardan birinə satıldığı iddia edilir. İcra Hakimiyyəti isə zirzəmini şəhid ailəsi üçün ev tikmək məqsədilə ayırdığını deyir.
Bu barədə Pravda.az-a müraciət edən bina sakinləri bildiriblər ki, zirzəmidə təhlükəli vəziyyət yaranıb.
Bakı Şəhər İcra Hakimiyyətinə, Yasamal Rayon İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilsə də, tikinti işləri dayandırılmayıb, iş başa çatıb, mənzil təhvil verilib.
Pravda.az məsələni araşdırmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanlayıb.
Komitənin Mətbuat Xidmətindən verilən açıqlamada bildirilib ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən sözügedən ünvanda 3 may 2024-cü il tarixində şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib: "Monitorinq nəticəsində vətəndaşın mülkiyyətində olan yaşayış binasının zirzəmisinin ön hissəsində, təxminən, 10 kvdarat metrlik sahədə qanunsuz tikinti faktı aşkar edilib. Sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmadığından Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət edilərək tikinti işləri mayın 3-də dayandırılmışdı”.
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə də sorğu ünvanlanıb.
398 dəfə oxundu