“Bu stil mənim” verilişi ilə bağlı müzakirələr aparılır - MTRŞ
“ATV kanalında “Bu stil mənim” verilişində iştirakçılar arasında müəyyən problemlər var. Bu, əsasən iştirakçılar arasında münasibətlərlə bağlıdır və verilişin formatından irəli gəlir. Bu barədə kanal təmsilçiləri ilə müzakirələr aparılır”.
Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O qeyd edib ki, iştirakçıların dili ilə bağlı ciddi problem yoxdur: “Lakin bu məsələnin məqsədyönlü şəkildə dramatikləşdirildiyi hiss olunur. Bəzən müəyyən media ekspertlərinin də bu işə cəlb edildiyi görünür. İştirakçıların dili ilə bağlı da ciddi problem yoxdur. Əsas tələblər aparıcıların nitqi ilə bağlıdır. Kanallarımızın efirində xarici dildə danışıqlara zaman-zaman rast gəlinir. Lakin onların nitqi tərcümə olunur. O da nəzərə alınmalıdır ki, türk dili ilə bağlı məsələ bir az müstəsna haldır. Əlbəttə ki, verilişlər dövlət dilində olmalıdır. Amma istisna hallara görə, türk dili ilə bağlı məsələni dramatikləşdirməyə ehtiyac yoxdur”.
Qeyd edək ki, ATV telekanalında yayımlanan “Bu stil mənim” verilişində münsif Günay Musayeva ilə iştirakçı Günel Məmmədova arasında qalmaqal yaşanıb. Hətta model və iştirakçıların yerli proqramda Türkiyə türkcəsində danışması da birmənalı qarşılanmayıb. G. Məmmədovanın sözlərinə görə, onlara verilişdə məcburən deyilib ki, dalaşsınlar, mübahisə etsinlər. Eyni zamanda, münsif G. Musayevanın verilişdə Türkiyə türkcəsində danışması da müzakirə mövzusudur.
1134 dəfə oxundu