Avtomobillərin təhlükəsizliyini təmin edən cihaz təqdim olundu - Azərbaycanda ilk
“Avtomaks” cihazı Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində yaradılıb
Yanvarın 27-də Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində fəaliyyət göstərən “Sumaks” şirkətinin hazırladığı “Avtomaks” cihazının təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Azercell-in Strateji Partnyorluq və Müştəri Kanalları departamentinin direktoru İmran Bağırov qeyd edib ki, ağıllı telefonlar, CihazdanCihaza (M2M) və sürətli internet texnologiyalarının inkişafı bizim həyatımızın standartlarını dəyişib və bu proses daha da sürətli şəkildə irəli gedir. Bu cihazlar insanların bir biri ilə əlaqəsini təmin edən cihazdan daha çox insanın gündəlik köməkçisinə çevrilib. Bir çox sahələrdə istifadə olunan smartfonlar həm də “Əşyaların internetində” (IoT) - “Ağıllı ev” konsepsiyasında əsas vasitələrdən biridir. İ.Bağırov bildirib ki, Azercell hələ 2013-cü ildə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yetirməsi olaraq Sumaks şirkətinin “Ağıllı ev” layihəsini təqdim edib. İndi isə şirkət bu konsepsiyanın davamı olaraq hazırlanan “Avtomaks” cihazını təqdim etməkdən qürur duyur.
Tədbirdə “Avtomaks” cihazı haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycanda bir ilk olan bu qurğunun əsas məqsədi avtomobilin təhlükəsizliyini təmin etmək və ona nəzarəti həyata keçirməkdən ibarətdir. “Avtomaks” qurğusu avtomobil və sürücu haqqında əsas məlumatları yaddaşda saxlayır. Bura maşının markası, buraxılış ili, texniki vəziyyəti, o cümlədən, sürücünün şəxsiyyəti haqqında zəruri bilgilər daxildir.
Avtomaks maşınla əlaqədar bir sıra informasiyaları mütəmadi olaraq sahibinə ötürür. Bu zaman bütün sutka boyunca avtomobilin dayanma anını, getdiyi məsafəni, olduğu yerləri izləmək mümkündür. Proqram maşının sığortasının vaxtı bitdikdə, yağının dəyişmə zamanı çatdıqda müvafiq xəbərdarlıq edir.
Avtomaks Bakı sürücüləri üçün aktual olan digər məsələlərdə də köməyə gəlir. Belə ki, avtomobilin evakuator tərəfindən aparılması, yaxud oğurluq hallarında da sahibinə dərhal məlumat verilir. Avtomaks vasitəsilə hər gün maşının getdiyi yol, sürət həddinə nəzarəti, yanacaq sərfi, təyin olunmuş radiusa nəzarət etmək mümkündür.
Təqdimat mərasimində çıxış edən “Sumaks” şirkətinin direktoru Cavid Məmmədovun qeyd etdiyinə görə, yeni layihə Azərbaycan bazarında böyük rəqabət potensialına malikdir. Çünki Avtomaks - tam yerli məhsuldur və buna görə də qiyməti xaricdən gətirilən oxşar cihazlardan kifayət qədər fərqlənir. Bundan əlavə, Avtomaks daha çox funksiyaya malikdir. Ümumilikdə “Sumaks”ın ən əsas fəaliyyət dairəsi ilk yerli təhlükəsizlik, komfort və idarəetmə sistemləri yaratmaqdan ibarətdir. Şirkət ilkin olaraq Ağıllı Ev texnologiyasını yaradıb. İndi isə avtomobillərin təhlükəsizliyi üçün nəzərdə tutulmuş Avtomaks cihazı ilə fəaliyyətini davam etdirir. “Sumaks” dünya təcrübəsində istifadə olunan yüksək texnologiyalardan yararlanmaqla Azərbaycana məxsus olan cihazların yerli istehsalını təşkil edir.
Sonda Cavid Məmmədov layihənin ərsəyə gəlməsində dəstək olan Bank BTB, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Müdafiə Sənayesi Nazirliyinin Peyk Zavodu və Azercell Telekom MMC-yə dərin təşəkkürünü bildirdi və hazırki şəraitdə ölkəmiz üçün olduqca mühüm olan qeyri- neft sektorunun, yerli istehsalın inkişafında “Sumaks”ın bundan sonra da faydalı işlər görəcəyini vurğuladı.
1065 dəfə oxundu