Azərbaycanda nağd dollar alışı kəskin artıb

Azərbaycanda nağd dollar alışı kəskin artıb


Azərbaycanda nağd xarici valyuta ilə mübadilə əməliyyatlarının həcmi 2015-ci ilin dekabr ayında kəskin artıb. "Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, artım əsasən nağd dollarla mübadilə əməliyyatlarında baş verib. Belə ki, nağd dollar ilə valyuta əməliyyatları dekabrda noyabr ayı ilə müqayisədə 2 dəfədən çox artaraq 1 596 549 400 dollar təşkil edib.

Hesabat ayında kommersiya banklarının əhalidən aldığı nağd dollar kütləsi noyabrla müqayisədə 6,5% azalaraq 194 200 800 dollar təşkil edib. Əhalinin dollar tələbi isə hesabat ayında aylıq müqayisədə 1,4 dəfə artaraq 1 402 438 600 dollar təşkil edib. Qeyd edək ki, əhalinin dollar tələbi dekabr ayında 2015-ci il ərzində fevral və apreldən sonra ən yüksək 3-cü hesabat ayı olub. İl ərzində dollara maksimal tələb isə fevralda (2 885 467 000 dollar) müşahidə olunub.

Beləliklə, dekabr ayında bankların xalis dollar satışı 1 208 237 800 dollar təşkil edib. Bu, aylıq müqayisədə 2,2 dəfə çoxdur.

Ümumilikdə isə 2015-ci il ərzində kommersiya bankları tərəfindən əhalidən dollar alışı 3 478 205 900 olub. Bu, 2014-cü ilin yekunundan 3% çoxdur. Əhalinin dollara olan tələbatı isə 12 317 396 400 dollar təşkil edib və 2014-cü illə müqayisədə bu, 31,4% artıqdır. Əhalinin xalis dollar tələbi 2015-ci ilin yekununda 8 839 190 500 dollar təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 47,4% çoxdur.

Ötən il kommersiya bankları tərəfindən həmçinin 245 264 400 avro alınıb ki, bu da 2014-cü ilin yekunu ilə müqayisədə 32,2% azdır. Əhalinin avroya olan tələbatı 2015-ci ildə əvvəlki ilə nisbətən 48,5% azalaraq 1 074 476 900 avro təşkil edib. Avropa valyutasının 2015-ci il ərzində xalis satışı 829 212 500 təşkil edib ki, bu da 2014-cü ilin yekunu ilə müqayisədə 52% azdır.

Keçən il ərzində kommersiya banklarının rubl alışı 2014-cü ilə nisbətən 23,7% azalaraq 9 551 580 200 rubl təşkil edib. Əhalinin rubl ehtiyacı isə hesabat dövründə 2014-cü ilin yekunu ilə müqayisədə 0,9% azalaraq 2 385 745 800 rubl təşkil edib. Bu dövr ərzində kommersiya bankları tərəfindən xalis rubl alışı baş verib və bu, 7 165 834 400 rubl təşkil edib ki, bu da 2014-cü ilə nisbətən 29,1% azdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1059 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...