İMSİ üzvlərinə pulsuz stomatoloji xidmət göstərilib
Azercell Telekom MMC-nin Mobil Diş Klinikası qış aylarında fəaliyyətini davam etdirib. Kimsəsiz uşaqlara, aztəminatlı ailələrə, qaçqın və məcburi köçkünlərə xidmət göstərən klinikanın həkimləri təkcə dekabr və yanvar aylarında 200 xəstəni müayinə və müalicə ediblər. Dekabr və yanvar aylarında Mobil Diş Klinikasının həkimləri həmçinin İMSİ (İnternat məzunlarının sosial inteqrasiyası) Gənclər Birliyinin üzvləri üçün pulsuz müayinə təşkil ediblər. Klinikanın həkimləri 67 nəfəri müayinədən keçirib və lazımı tədbirlər görülüb.
Qeyd edək ki, Azercell Telekom MMC bu klinikanın yaradılması layihəsini “Üfüq” Xeyriyyə Cəmiyyəti ilə birlikdə həyata keçirib. Fəaliyyət göstərdiyi 6 il ərzində layihə çərçivəsində 4000-dən çox insan Mobil Diş Klinikasının həkimləri tərəfindən müayinə edilib və eyni zamanda ehtiyac olduğu tədqirdə müalicə alıblar.
Azərbaycandakı uşaq evlərinin 90 faizinin ayrıca stomatoloji kabineti olmadığını nəzərə alaraq “Azercell” Mobil Diş Klinikasını ən müasir tibbi avadanlıqla təchiz edib. Yalnız Bakıda deyil, respublikadakı bütün kimsəsiz uşaqlara yardım etməyi hədəfləyən Mobil Diş klinikası indiyə qədər Şəki, Quba, Qusar və Balakənddə yerləşən İnternat məktəbi və uşaq evində, Gəncədə SOS Uşaq kəndi və İnternat Məktəbində, Lənkəranda Uşaq evində, Lerik İnternat Məktəbində, Biləsuvarda Qaçqın düşərgəsində, internat məktəbində ehtiyacı olan uşaqlara xidmət göstərib.
1000 dəfə oxundu