Azərbaycanda son 5 ildə ilk dəfə alkoqoliklərin sayı azalıb

Azərbaycanda son 5 ildə ilk dəfə alkoqoliklərin sayı azalıb


Azərbaycanda son 5 il ərzində rəsmi qeydiyyata alınan alkoqoliklərin sayı artsa da, ötən il ilk dəfə olaraq, onların sayında azalma müşahidə edilib. Səhiyyə Nazirliyindəki mənbədən Trend-ə verilən məlumata görə, ötən il ərzində Azərbaycanda 21 777 nəfər alkoqolik qeydə alınıb. 2014-cü ildə alkoqoliklərin sayı 22 278, 2013-cü ildə 21 584, 2012-ci ildə 21 103, 2011-ci ildə isə 19 765 nəfər olub.

Ölkədə alkoqoliklərin sayının azalmasının əsas səbəbi yeni qeydiyyata alınan alkoqoliklərin sayının azalması ilə izah edilir.

2014-cü ildə Azərbaycanda 881 nəfər, 2015-ci ildə 619 nəfər alkoqolik kimi yeni qeydiyyata götürülüb. Ölkədə 40 yaşdan sonra alkoqolik kimi qeydiyyata götürülənlərin sayı çoxluq təşkil edir.

Son rəsmi məlumatlara əsasən, Azərbaycanda 2015-ci ildə 15-17 yaşlı 1 (2014-cü ildə 1), 18-24 yaşlı 343 (2014-cü ildə 517), 25-29 yaşlı 928 (2014-cü ildə 1240), 30-34 yaşlı 1599 (2014-cü ildə 1429), 35-39 yaşlı 1660 (2014-cü ildə 1669), 40-44 yaşlı 2709 (2014-cü ildə 2583), 45-49 yaşlı 3175 (2014-cü ildə 3027), 50-54 yaşlı 3347 (2014-cü ildə 3245), 55-59 yaşlı 3434 (2014-cü ildə 3374), 60 yaşdan yuxarı isə 4582 (2014-cü ildə 5193 ) nəfər alkoqolik olub.

Azərbaycanda alkoqoliklər daha çox kişilərdir.

Qadın alkoqoliklərin ümumi sayı da əvvəlki illərlə müqayisədə ötən il ilk dəfə olaraq, azalıb. Ümumilikdə hazırda Azərbaycandakı alkoqoliklərin yalnız 859-u qadındır. 2012-ci ildə rəsmi qeydiyyata alınmış alkoqoliklərin 873-ü, 2013-cü ildə 891-i , 2014-cü ildə isə 901-i qadın olub.

Ötən il də yeni qeydiyyata alınan 619 alkoqolikin 10-u (2014-cü ildə də 10 nəfər) qadın olub. Qadın alkoqoliklər arasında 30-39 yaşlılar üstünlük təşkil edir.

Səhiyyə Nazirliyindən bildirilib ki, Azərbaycanda alkoqoliklər yalnız könüllü müraciət etdikdə və məhkəmənin qərarı ilə məcburi müalicə təyin edildikdə rəsmi qeydiyyata götürülür.

Azərbaycanda məhkəmənin qərarı ilə verilən qərarlar istisna olmaqla, alkoqoliklərin müalicəsi daha çox könüllü şəkildə aparıldığından onların müalicəsinin aparılması üçün də özlərinin istəyinin olması vacibdir. Azərbaycanda alkoqoliklər daha çox xəstəliyin orta mərhələsində müalicə olunmaq üçün həkimə müraciət edirlər.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bütün ölkə üzrə bir ildə əhalinin hər bir nəfərinə (adambaşına) faktiki istehlak üçün 1,75 litr alkoqollu içki düşür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
972 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...