Xədicə İsmayılova da azadlığa çıxır?
Bakı Apellyasiya Məhkəməsinin jurnalist Xədicə İsmayılova haqqında qərarından kassasiya şikayətinə Ali Məhkəmənin hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.
GUNDEMİNFO.AZ virtualaz.org-a istinadən xəbər verir ki, vəkil Fariz Namazlı jurnalistlərə deyib ki, Ali Məhkəmənin Xədicə İsmayılovanın cəzasını yüngülləşdirəcəyinə ümid edirlər: “Prosesin vaxtı hələ təyin olunmayıb. Kassasiya baxışı nəticəsində Xədicə İsmayılova haqqında müsbət qərar çıxarılacağı ehtimal olunur”.
X.İsmayılova 2014-cü il dekabrın 5-dən həbsdədir.
Bakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə İsmayılovaya 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsib. Bundan başqa o, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib.
İttihama görə, X.İsmayılova “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri kimi qulluq səlahiyyətlərindən sui-istifadə edib, vergi ödəməkdən yayınıb, xidməti müqavilələr bağlatmaqla digərlərinin də az vergi ödəməsinə səbəb olub.
2015-ci il noyabrın 25-də Bakı Apellyasiya Məhkəməsi əvvəlki instansiyanın jurnalist haqqında hökmünü qüvvədə saxlayıb.
948 dəfə oxundu