"Energetika sektorunda DESFA-dan başqa heç bir aktivimiz özəlləşdirilməyəcək"
Yunanıstan hökuməti energetika sektorunda DESFA-dan başqa heç bir aktivini özəlləşdirməyi planlaşdırmır.
"APA-Economics" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın energetika və ətraf mühit naziri Panos Skurletis bildirib.
Bununla yanaşı, nazir qeyd edib ki, DESFA-nın özəlləşdirilməsi Avropa Komissiyanın etirazı səbəbindən yubanır: "Avropa İttifaqı DESFA-nın 51%-dən artıq olan səhm paketinin SOCAR-a satılmasına etiraz edir".
Xatırladaq ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır. 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.
2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb. SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.
Sosial səhifələrdə pay
958 dəfə oxundu