Erməni girovluğundakı Şahbaz Quliyevin anasının evi dağıdılıb
Aprelin 2-dən etibarən cəbhədə atəşkəsin pozulması nəticəsində yaşanan gərginlikdən sonra Azərbaycanın cəbhəyanı rayonlarındakı bir çox yaşayış evinə, təhsil müəssisələrinə, xəstəxanalara ciddi ziyan dəyib. Erməni vandalizmi nəticəsində Tərtər, Fizuli, Ağdam, Goranboy və başqa rayonlarda yüzlərlə ev tamamilə yararsız vəziyyətə düşüb, dağıdılıb. Modern.az saytına daxil olan məlumata görə, evi dağılanların içərisində hələ də oğlu Şahbaz Quliyevin erməni girovluğunda olduğunu bilməyən Sənəm Quliyeva da var. Məlumat üçün bildirək ki, S.Quliyeva Tərtər rayonun Qapanlı kənd sakinidir.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Modern.az saytına açıqlamasında faktı təsdiq edib: “Rayonda 144 ev dağılıb. Hazırda dövlət qurumalrından ibarət komissiya araşdırmalar aparır. Yekun nəticə bilindikdən sonra Sənəm Quliyevanın evi ilə yanaşı, dağılmış bütün evlərin bərpasına başlanacaq”. Şahbaz Quliyevin yaxın qohumu evin Qapanlı kəndinin girəcəyində yerləşdiyini deyib və atılan məmi nəticəsində ciddi zərər gördüyünü qeyd edib.
2014-cü ilin iyul ayında erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı öz ata-baba yurdlarını ziyarət etmək istəyən Azərbaycan vətəndaşı Həsən Həsənov öldürülüb, digər soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüb. Dağlıq Qarabağda qurulan qondarma məhkəmənin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum ediliblər.
985 dəfə oxundu