Azərbaycan yığması sabah İtaliya ilə qarşılaşacaq AVRO-2016

Azərbaycan yığması sabah İtaliya ilə qarşılaşacaq


Azərbaycan yığması sabah növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, yığmamız AVRO-2016-nın seçmə mərhələsinin IX turu çərçivəsində İtaliya ilə üz-üzə gələcək.

Bu qarşılaşma komandamızın tsikldə sonuncu ev oyunu olacaq. İndiyədək italiyalılardan xal ala bilməyən millimiz ilki gerçəkləşdirməyə çalışacaq. Son 4 seçmə oyununda uduzmayan Robert Prosineçkinin yetirmələri xorvatiyalının rəhbərliyi altında keçirdiyi qarşılaşmalardakı məğlubiyyətsizliyini davam etdirməyə çalışacaq. Belə ki, millimiz indiki baş məşqçisinin fəaliyyəti dövründə seçmə matçlarında uduzmayıb. Seriyanın davam etdirilməsi isə komandamızın tarixinə rekord kimi düşəcək. Seçmə mərhələlərdəki ən uzun məğlubiyyətsizlik seriyasını təkrarlayan yığmamız ötən tsikldəki rekordu yeniləmək üçün uduzmamalıdı.

İndiyədək İtaliya ilə keçirdiyi hər üç matçda uduzan komandamız ilk xalını almağa çalışacaq. AVRO-2004-ün seçmə oyunlarında 0:2 və 0:4 hesablı yenilgilərə üzülən komandamız cari tsiklin 1 il əvvəlki matçında da xalsız qalmışdı – 1:2.

H qrupunda mübarizə aparan yığmamız üçün bu qarşılaşma 4-cü yer uğrunda mübarizə baxımından da əhəmiyyət kəsb edir. Hesabında 6 xal olan komandamız 4 qat dünya çempionlarını məğlub etsə, Bolqarıstanı keçə bilər. Bunun üçün sonuncular da Xorvatiyaya uduzmalıdı. 4 gün sonra Bolqarıstanın qonağı olacaq yığmamız balkanlılarla 4-cü yer uğrunda mübarizədən qalib ayrılmaq üçün rəqibin uğursuzluğunu gözləməklə yanaşı, özü də xal əldə etməlidi.

Sabahkı qarşılaşmanın daha bir diqqət çəkən məqamı oyunun Bakı Olimpiya stadionunda keçirilməsidi. İlk dəfə futbol matçını qəbul edəcək arenada “siftə”ni ölkəmizin əsas yığması gerçəkləşdirəcək. Bu üzdən də komandamız ilk oyunu məğlubiyyətsiz başa vurmalıdı.

İtaliyalılarla matç yığmamızın kapitanı Rəşad Sadıqov üçün də əlamətdar olacaq. Bu oyun 33 yaşlı müdafiəçinin yığmanın formasında 100-cü qarşılaşması kimi tarixə düşəcək. Düzdü, UEFA və FİFA millilərin iştirakı ilə baş tutan bütün oyunları tanımadığından onlar bu yubileyi də qeyd etməyəcək. Lakin Rəşad millimizin 23 illik tarixində “100”ə çatan ilk oyunçu kimi Bakı Olimpiya stadionunu böyük yubileylə tərk edəcək.

Öz meydanında keçirdiyi son iki görüşdə qapısını toxunulmaz saxlayan millimiz Malta (2:0) və Xorvatiya (0:0) ilə oyunlardakı uğurunu davam etdirmək niyyətindədi. Düzdü, “Skuadra Adzurra” üçün də qələbə çox vacibdi. Çünki qazanılacaq 3 xal appeninlilərin AVRO-2016-ya vəsiqəsini təmin edəcək. Yığmamız isə rəqibin arzusunu son turadək təxirə salmasına nail olmalıdı.


AVRO-2016-nın seçmə mərhələsi
H qrupu
10 oktyabr
21:00. Azərbaycan – İtaliya
Baş hakim: Villyam Kollum (Şotlandiya)
Baş hakimin köməkçiləri: Damian Makqreyt (İrlandiya), Frensis Konnor (Fransa)
Əlavə hakim köməkçiləri: Robert Makden, Con Bitom (hər ikisi Şotlandiya)
Dördüncü hakim: Alastair Mater (Şotlandiya)
Hakim-inspektor: Marinus Kopman (Holalndiya)
UEFA nümayəndəsi: Aynar Leppanen (Finlandiya)
Bakı. Olimpiya stadionu



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1118 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...