Hansı universitetdə “Qarabağ” guşəsi var, hansında yoxdur...
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları 20 ildən artıqdır ki, işğal altındadır. 20 ildən artıqdır ki, biz beynəlxalq müstəvidə, ayrı-ayrı ölkələrdə, dünya parlamentlərində işğal olunmuş torpaqlarımızla bağlı həqiqətləri səslənirməyə çalışır, Qarabağa aid videoçarxları dünya müstəvisinə çıxarırıq.
Etiraf etmək lazımdır ki, bununla yanaşı, Azərbaycanın öz daxilində də yeni gələn nəsillərin yaşadığımız faciələri unutmaması üçün işlər görülməlidir. Xüsusilə təhsil ocaqlarında..
Azərbaycanın bəzi tanınmış universitetlərində şəhidlər və işğal altında olan torpaqlarımız necə təbliğ olunur?
Modern.az-ın əməkdaşı bu suala cavab tapmaq üçün ölkəmizin tanınmış universitetlərinə müraciət edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov: “Azərbaycan Dövlət Pedaqoji Universitetində işğal altında olan torpaqlarımızla bağlı təbliğat yüksək səviyyədədir bu mövzuda bizim çox tədbirlərimiz olub. Hazırda universitetimizdə guşələrimiz var. Bu guşələr universitetin hər mərtəbəsində yerləşir”.
Azərbaycan Universitetində isə işğal faktoruna dair guşə hələ yaradılmayıb. Amma deyirlər ki, yaradılacaq: “İşğal altında olan torpaqlarımızla bağlı guşələrimiz bir həftə qabaq sifariş verilib. Yaxın iki həftə ərzində universitetin giriş hissəsində, dəhlizin divarında öz yerini tapacaq. Biz artıq guşədə olan şəkilləri və guşənin yerini müəyyənləşdirmişik”.
Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib ki, bu elm ocağında Qarabağla bağlı abidə var. “Qarabağ müharibəsi və 20 yanvar faciəsi zamanı Tibb Universitetinin şəhid olmuş tələbələrinin xatirəsinə həsr edilən abidə qoyulub. Guşəmiz olamasa da, abidəmiz var.”
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təlim-tərbiyə işləri üzrə prorektoru Qasım Məmmədov: “Bizim universitetin guşəsi olmasa da, ali məktəbimizin qəzetində işğal olunmuş torpaqlara aid rubrikamız var”.
Bakı Slavyan Universitetinin mətbuat xidmətinin rəhbəri Adil Əliyev: “Bizim universitetin daxilində işğal altında olan torpaqlarmıza dair guşəmiz yoxdur. Universitetin təbliğatı universitetin muzeyində öz əksini tapır. Muzeydə Qarabağ və digər döyüşlərdə həlak olmuş Bakı Slavyan Universiteti şəhidlərinin xatirəsinə həsr olunmuş guşəmiz və kitabçalarımız var”.
Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətinin rəhbəri Şəfa Kazımova: “ADU-nun Qarabağ müharibəsinə və şəhidlərə həsr olunmuş guşəsi olub. Amma universitet təmir olunan zaman çıxarılıb və təmirdən sonra bərpa olunmayıb”
1082 dəfə oxundu