"Naqif Həmzəyevi dinləməyə və mövzunu müzakirə etməyə hazırıq” - Rauf Arifoğlu
“Qəzetimiz belə bir görüşə məkan olmağa, Naqif Həmzəyevi dinləməyə və mövzunu müzakirə etməyə hazırdır”.
Bu sözləri hafta.az-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib. Qeyd edək ki, deputat Naqif Həmzəyevin Məhəmməd Əmin Rəsulzadə barədə səsləndirdiyi fikirlər cəmiyyət arasında birmənalı qarşılanmayıb. Bu məsələ bu gün Milli Məclisdə də müzakirə olunan məsələlərdən biri olub. Millət vəkili Fazil Mustafa Naqif Həmzəyevin fikirlərinə münasibət bildirib:
“Deputat həmkarımız tərəfindən Məhəmməd Əmin Rəsulzadə barəsində səsləndirilən fikirlər cəmiyyətdə ajiotaj yaradıb. Tarixi şəxslər haqqında ziddiyyətli fikirləri hər kəs söyləyə bilər. Amma elə şəxslər var ki, onlar dövlətin qurucularıdır. Kimsə bu qurucuları qəbul etmirsə, demək ki, onun qurduğu dövlətdə də yaşamaqdan da məmnunluq hiss etmir”. O qeyd edib ki, təhqir yolverilməzdir: “Biz cəbhə dövründə indiki hakimiyyətə qarşı kəskin mübarizə aparmışıq. Amma Elçibəy vəfat edəndə Heydər Əliyevin onun məzarının başında dayanması cəbhəçilərin böyük əksəriyyətinin fikirlərini 180 dərəcə dəyişdi. İlham Əliyev eks-prezidentlərlə bağlı qanunun təşəbbüsçüsü olub. O, buna görə tarixə düşəcək”.
Birinci vitse-spiker Ziyafət Əsgərov isə deputatın reaksiyasına belə cavab verib: “Naqif müəllimin müsahibəsini oxudum. O deyib ki, belə bir şey söyləməyib. Hər halda bu məsələ araşdırılmalıdır. Araşdırılmamış ittiham irəli sürmək düzgün deyil. Müxbir deyib ki, deyib, Naqif Həmzəyev isə deyir ki, deməyib. Ona görə də qəzet redaksiyası və Naqif Həmzəyev oturarlar bir arada, bu məsələni müzakirə edərlər”.
1139 dəfə oxundu