"Reket jurnalistikası"na qayıdan qəzetlərin adı bilindi
Bu gün Azərbaycan Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, iclası komissiyanın sədri, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə açaraq müzakirəsi tövsiyə olunan məsələlər barədə məlumat verib. O bildirib ki, müzakirəyə çıxarılan məsələdən ikisi MŞ-nin Şikayətlər üzrə Komissiyası, digərləri isə Şura Katibliyi tərəfindən təqdim edilib.
Öncə Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının son iclasının rəyləri nəzərdən keçirilib. Bildirilib ki, istər «Bizim dövr», istərsə də «Qərb xəbərləri» qəzeti ilə bağlı məsələyə eyni kontekstdə baxılmalıdır. Vurğulanıb ki, buna hər iki kütləvi informasiya vasitəsinin adının vaxtı ilə MŞ-nin «reket nəşr»lər üçün tərtib etdiyi «qara siyahı»da olması, oradan çıxarılma ilə əlaqədar qurumun «apelyasiya qrupu»nun şərtlərində irəli sürülən öhdəliklər əsas verir. Həmin qaydalarda isə belə KİV-lər barədə MŞ-də yenidən şikayətə baxıldıqda məsələnin qeyd-şərtsiz Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyası tərəfindən araşdırılmasının da zəruriliyi göstərilib.
İclasda qeyd edilib ki, «Bizim dövr» qəzeti barədə MŞ-yə son vaxtlar daxil olan şikayətlər, eləcə də «Qərb xəbərləri» qəzetinin təsisçisinin vəfatından sonra özünü biruzə verən sui-istifadə halları, etik prinsiplərin tələblərinin mütəmadi pozulması hər iki qəzetin adının yenidən «qara siyahı»ya salınmasına əsaslar verir.
Komissiya bu barədə Mətbuat Şurasının İdarə Heyətinə təqdimat verməyi məntiqi hesab edib.
Komissiya üzvləri adları «qara siyahı»da olan bir sıra KİV-lərdən peşə fəaliyyəti ilə bir araya sığmayan hallar barədə şikayətlərin artmasına da münasibətini bildirib.
Belələrinin sırasında «Media Azərbaycan», «Ədalət carçısı», «Ədalət tribunası» qəzetlərinin ifrat hərəkətləri ilə seçildiklərini, həmçinin Əjdər Təzəxanoğlunun («Dünya kriminalı») və Azər Kazımovun («Vətəndaş haqqı») peşə fəaliyyəti ilə bir araya sığmayan hallara yol verdikləri barədə müraciətlərin üzərində ayrıca dayanılıb. Belə rəyə gəlinib ki, bütün bunların kökündə hüquqi müstəvidə araşdırılmalı olan cəhətlər üstünlük təşkil edir. Buna görə də məsələ MŞ-nin İdarə Heyətində müzakirə olunaraq həlli mexanizmi tapılmalıdır.
1101 dəfə oxundu