İcra başçısı yüksək bal toplayan tələbələrlə görüşdü

İcra başçısı yüksək bal toplayan tələbələrlə görüşdü
12 sentyabr 2023-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində 2022-2023-cü tədris ilində ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunların mükafatlandırma tədbiri keçirildi.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, müavinlər, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, məktəb direktorları və ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunlar iştirak edirdi.

GUNDEMİNFO.AZ-a İcra Hakimiyyətindən verilən məlumata əsasən giriş nitqi ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov ali məktəblərə qəbul imtahanlarında yüksək nailiyyətlə tələbə adını qazananları təbrik edərək onlara şəxsi həyatlarında və təhsildə uğurlar arzuladı. Qeyd etdi ki, ölkəmizdə əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfəsini verməkdədir. Məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərir.

Vurğulandı ki, Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər misilsizdir. Hər il rayon üzrə ali məktəblərə qəbul olan, 600-dən çox bal toplamış, tələbə adını qazanan məzunlar dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin nəticəsidir.

Qaradağ rayonu üzrə orta məktəbi 1 nəfər qızıl medala layiq görülməklə 1731 nəfərin bitirdiyini, ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən 1138 abituriyentin 62.4 faizi, yəni 710 nəfəri tələbə adını qazandığı, onlardan 21 nəfərin isə 600-dən çox bal topladıqları diqqətə çatdırıldı.

Lökbatan qəsəbəsindəki 166 nömrəli tam orta məktəbi qızıl medalla bitirmiş Əlpaşayev Aqil Zahid oğlu Fənn Olimpiadalarının Respublika turunda tarix fənni üzrə birinci yerə layiq görülərək imtahansız Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Politologiya” fakültəsinə daxil olmuşdur.
Bu il Qaradağ rayonunda ən yüksək nəticəni Sahil qəsəbəsindəki 228 nömrəli tam orta məktəbin şagirdi 674 balla Fətullayev Oruc göstərmişdir.
Daha sonra çıxış edən yeni tələbə adını qazanmış məzunlar, direktorlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda yüksək nəticə əldə etmiş məzunlara Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov hədiyyələr təqdim etdi, tələbə adını qazanmış məzunlara və məktəb rəhbərlərinə gələcək fəaliyyətlərində uğurlar arzuladı.


İcra başçısı yüksək bal toplayan tələbələrlə görüşdü
İcra başçısı yüksək bal toplayan tələbələrlə görüşdü
İcra başçısı yüksək bal toplayan tələbələrlə görüşdü



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
394 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...