Bakıda hansı ərazilərdə radiasiya təhlükəsi var? - Alim açıqladı

Bakıda hansı ərazilərdə radiasiya təhlükəsi var? -

Xəbər verdiyimiz kimi, Sumqayıtda Metallurq küçəsindəki zavodlardan birinin daxilində 4 metr dərinlikdə radiasiya aşkarlanıb. Hadisə Bakı sakinləri arasında da narahatlıq yaradıb. Bəs görəsən Bakının hansı ərazilərində radiasiya təhlükəsi var?

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famil Hümbətov Pravda.az-a açıqlamasında deyib ki, bəzi texniki avadanlıqlarda radiaktiv mənbələr istifadə olunur.

"Ola bilər ki, həmin avadanlıqlar demontaj ediləndə, yəni təkrar emala göndəriləndə onların üzərində istifadə olunmuş radiaktiv mənbələr götürülmədən zavoda təhvil verilib. Radiasiya bu şəkildə aşkar oluna bilər. Azərbaycanda radiasiyanın daha çox təbii mənşəli izotoplar əsasında yaranması müşahidə olunur. Azərbaycanda atom elektrik stansiyası, nüvə reaktoru yoxdur. Buna görə də süni mənşəli izotopların olma ehtimalı çox azdır. Süni mənşəli izotoplar ancaq istehsalatda, bəzi müəssisələrdə rezervuarlarda səviyyələrin ölçülməsi, nəzarət mexanizmlərinin icrası, tibbi müəssisələrdə müalicə məqsədli şüalandırmaların həyata keçirilməsi üçün, eyni zamanda tədqiqat laboratoriyalarında istifadə olunur".

Alim bildirib ki, yeraltı suların dövranını müəyyənləşdirmək üçün izotop texnologiyasının tətbiqi metodu var: "Son zamanlar bu metod başqa xarici ölkələrdə istifadə olunur, Azərbaycanda da az miqdarda tətbiqi mümkündür. Radiasiya fonunu yaradan izotoplar ətraf mühitdə bu cür yayıla bilər. Bakıda fəaliyyət göstərən istehsalat sahələrində, zavodlarda və tibb müəsisələrində radioktiv mənbələrdən istifadə edilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyindən icazə alınır. Sözügedən Agentlik mənbələrin yoxlanılmasını həyata keçirir, nəzarətini tənzimləyir”.

F.Hümbətov Bakıda hansı ərazilərdə radiasiya təhlükəsinin olması sualına isə belə cavab verib: "Bu cür hadisələrin Bakıda başvermə ehtimalı çox azdır. Ümumiyyətlə, Azərbaycanda radiasiya ilə bağlı təhlükəli fon müşahidə olunmur. Bəzi istehsalat ərazilərində nisbətən yüksək radiasiya fonu müşahidə edilir. Məsələn, neft istehsalı ərazilərində Sovet İttifaqı dövründə nəzarətsiz tullantılar formalaşırdı, turbaların içinin ərpini təmizləyib əraziyə atırdılar, lay suları istehsalat ərazilərində toplanırdı. O zaman yüksək radiasiya fonu müşahidə etmək mümkün olurdu. İndi isə həmin ərazilərdə də kifayət qədər tənzimlənən mexanizmlər var. Tullantılar ərazilərə atılmır, ehtiyac olursa, təhlükəli tullantılar FHN-nin Azərbaycanda radioaktiv tullantıların utilizasiyasını həyata keçirən "İzotop” xüsusi kombinatına göndərilir. Radiasiya Problemləri İnstitutunun nəzdində tədqiqat üçün istifadə olunan mənbə var, o da xüsusi qorunan ərazidədir. Xüsusi icazə olmadan həmin əraziyə heç kimin girib-çıxması mümkün deyil. Nəzarət altındadır. Bu məlumatlar FHN-də də, Nazirlər Kabinetində də, hətta Beynəlxalq Atom Enerjisi Agentliyində (MAQATE) də var”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
464 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...