Biləsuvarda tutulan təbrizli müəmması- Bakıdan siyasi sığınacaq istəyib, yoxsa...

Biləsuvarda tutulan təbrizli müəmması-
İrandan olan azərbaycanlı ictimai fəal Puya Purhemmətinin həbsdən qaçaraq Azərbaycandan siyasi sığınacaq istədiyi bildirilir. Bu barədə Puya Purhemmətinin ailəsinə yaxın mənbələrdən “Amerikanın Səsi”nə bildiriblər.

Adının çəkilməsini istəməyən mənbə deyib ki, Puya Purhemməti İranın əxlaq polisinin nəzarətində olarkən öldürülən Məhsa Əmini ilə bağlı 2022-ci il sentyabrın 29-da Təbrizdə keçirilən etiraz aksiyasının təşkilatçılarından olub.

“O, etiraz aksiyasından sonra saxlanılıb, ağır işgəncələrə məruz qalıb. İran məhkəməsi Purhemmətini daxili və xarici qüvvələrlə birləşib hökumət əleyhinə etirazlar təşkil etmə ittihamı ilə 3 il həbsə məhkum edib. Məhkəmə hökmünə görə, həbsindən sonra 2 il də İran ərazisini tərk edə bilməz. Puya həbsdə olarkən də çox ağır işgəncələrə məruz qalıb. Nəhayət, 2023-cü il oktyabrın 9-da girov müqabilində həbsdən buraxılıb. Həbsdən buraxılandan sonra onu yenidən həbsxanaya qaytarmaq üçün axtarıblar. Bu səbəbdən Puya oktyabrın 12-də Azərbaycanın Biləsuvar rayonu istiqamətində ağ bayraq qaldıraraq İran sərhədini keçərək Azərbaycan sərhədçilərinə təslim olub. O, Azərbaycan Respublikasından siyasi sığınacaq və ya üçüncü, təhlükəsiz ölkəyə keçirilməsini xahiş edib. "Puya İrana qaytarılsa, onu edam gözləyir", - Puya Purhemmətinin ailəsinə yaxın mənbə “Amerikanın Səsi”nə deyib.

“Turan” xəbər verir ki, Puya Purhemmətinin Azərbaycanın dövlət sərhədini keçməsini Azərbaycan məhkəməsi də təsdiq edib. Belə ki, oktyabrın 14-də Bakı şəhərinin Səbayel Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Puya Purhemməti barəsində Azərbaycan Cinayət Məcəlləsinin 318.1 maddəsi (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) ilə təqsirləndirlən şəxs qismində iki ay həbs-qətimkan tədbiri seçib.

Puya Purhemməti 1987-ci il sentyabrın 9-da İranın Culfa şəhərində anadan olub. İran vətəndaşıdır, hazırda Təbriz şəhərində qeydiyyatdadır. Ali təhsillidir və ailəlidir.

Qeyd edək ki, 2023-cü ilin 8 ayı ərzində 92 nəfər (ailə üzvləri ilə birlikdə 138 nəfər) Azərbaycandan sığınacaq almaq üçün müraciət edib. Bu barədə Dövlət Miqrasiya Xidmətindən bildirilib. Məlumata görə, 2022-ci ildə 169 ərizəçinin (ailə üzvləri ilə birlikdə 298 nəfər), 2023-cü ilin 8 ayı ərzində isə 92 ərizəçinin (ailə üzvləri ilə birlikdə 138 nəfər) qaçqın statusu verilməsi haqqında vəsatəti Dövlət Miqrasiya Xidməti tərəfindən qeydə alınıb.

Ərizəçilər arasında Cənubi Asiya ölkələrinin vətəndaşları üstünlük təşkil edir.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq Azərbaycan Respublikası Konstitusiyasının 70-ci maddəsinin birinci hissəsinə və 109-cu maddəsinin 21-ci bəndinə uyğun olaraq verilir.

70-ci maddə siyasi sığınacaq hüququ haqdadır.

Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikası əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir.
Siyasi əqidəsinə görə, habelə Azərbaycan Respublikasında cinayət sayılmayan əmələ görə təqib edilən şəxslərin başqa dövlətə verilməsinə yol verilmir.
Aydındır ki, Bakı-Tehran münasibətlərinin indiki həssas mərhələsində iranlı fəal olduğu deyilən Puya Purhemmətinin Azərbaycandan siyasi sığınacaq istəməsi lazımsız gərginlik yarada bilər. Üstəlik, nəzərə almaq lazımdır ki, sözügedən şəxs sərhədimizi qanunsuz keçməyə cəhd edib.

Daha bir məqam budur ki, İran tərəfi azərbaycanlı tələbə Fərid Səfərlinin işinə yenidən baxılacağını vəd edib. İndilikdə siyasi sığınacaq və ya üçüncü ölkəyə təhvil nə dərəcədə mümkündür? Bu cür hallar olduqda rəsmi orqanlar hansı mövqe tutmalıdır? Qanunlar nə deyir?

Çingiz Qənizadə: Hakimlər ən çox mülki məsələlərlə bağlı ədalətsiz qərar çıxarır - Oxu.az

Çingiz Qənizadə: “Azərbaycan siyasi sığınacaq verməsə belə, o, üçüncü ölkəyə...”

Mövzu ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a danışıb. Hüquq müdafiəçisi qeyd edib ki, istənilən dövlət sərhədini icazəsiz, qanunsuz keçmə məsuliyyət yaradan haldır: “Amma bu keçmənin müəyyən səbəbləri olmalıdır. Məsələn, olur ki, kimsə xoş həyat arzusu, kimisi narkotik vasitələr, silah-sursat daşımaq üçün keçmək istəyir. Amma konkret olaraq son hadisə siyasi hadisədir və qeyd olunan şəxsin İranda edam olunma ehtimalı yüksəkdir. Bütün hallarda hüquq-mühafizə orqanları bu məsələnin həqiqi niyyətinin nə olduğunu araşdırmaq üçün təbii ki, bir müddət həmin şəxsi saxlamalıdır. Belə hesab edirəm ki, burada tam siyasi motivlər varsa, ölkənin əsassız hüquqi təhdidindən qaçaraq, Azərbaycana üz tutan şəxsin yenidən geri qaytarılması dünyada qəbul olunmaz və bizi sevməyən dövlətlər bundan Azərbaycana qarşı sui-istifadə edə bilərlər. Beləliklə, məsələlər aydınlaşdırıldıqdan sonra və həmin şəxsin həyatını qorumaq məqsədilə sərhədi keçdiyi müəyyənləşərsə, o zaman məsuliyyətdən azad oluna bilər və Azərbaycan ona siyasi sığınacaq verməsə belə, onun öz arzusu ilə üçüncü ölkələrə təhvil verə bilər. Ümumiyyətlə, bütün hallarda şəxsi öz ölkəsində ağır cəzalar, xüsusən də həyatdan məhrum etmə cəzası gözləyirsə, dövlətlərarası münasibətlərin yaxşı və yaxud pis olmasından asılı olmayaraq, o şəxsin geri qaytarılması beynəlxalq hüquqa ziddir”.

Bir çox məmurlar hələ də köhnə vərdişlərindən əl çəkməyiblər” - 27.12.2018, Sputnik Azərbaycan

Əliməmməd Nuriyev: “Azərbaycan bu günə qədər ona pənah gətirənlərə qucaq açıb, ona görə də... ”

Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın sədri, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev isə mövzu ilə bağlı dedi ki, Puya Purhemməti sərhədimizi keçərkən sərhədkeçmə qaydalarını pozub: “İstənilən ölkəyə keçid zamanı müəyyən prosedurlardan keçmək lazımdır. Amma məsələ burasındadır ki, əgər şəxsin həyatına, azadlığına, yaşamaq hüququna təhlükə varsa, bu zaman şəxs belə bir davranış seçə bilər. Eyni zamanda biz bilirik ki, İranda bu rejimə qarşı çox sayda etirazlar var və bu etirazlarda iştirak edənlərin bir çoxu öldürülüb və yaxud ağır cəzalara məhkum edilib. Ona görə də ilk baxışda həmin şəxsin həyatına real təhlükə olduğu görünür. Beləliklə, Puya Purhemməti Azərbaycan tərəfinə keçib və hüquq-mühafizə orqanları onun barəsində müvafiq araşdırmalar aparacaq. Hər kəsin də başqa ölkədə sığınacaq almaq hüququ da tanınır. Amma siyasi sığınacaq almaq üçün yetərli sayda əsaslar olmalıdır. Azərbaycanda müxtəlif ölkələrdən qaçqınlar var, məsələn, Əfqanıstandan və sairə. Puya Purhemməti də sığınacaq ala bilər.

O ki qaldı Fərid Səfərli məsələsinə, təbii ki, soydaşımız əsassız olaraq həbs olunub və düşünürəm ki, iki ölkə arasında bağlanmış hüquqi yardıma uyğun olaraq, o, Azərbaycana veriləcək. Məlum olduğu kimi, hazırda Azərbaycan və İran arasındakı münasibətlərdə müəyyən irəliləyişlər var və bu çox yaxşı bir haldır, çünki İran qonşumuzdur. Bu baxımdan, Puya Purhemmətinin ağ bayraqla bizim tərəfə keçməsi ilə bağlı müəyyən narahatlıq doğuran məsələlər ola bilər. Amma onun İranda həyatı ilə bağlı təhlükə var və bunun üçün Azərbaycana pənah gətirib. Azərbaycan da bu günə qədər ona pənah gətirənlərə qucaq açıb. Bu baxımdan, hesab edirəm ki, Puya Purhemməti ilə bağlı məsələ də beynəlxalq hüquqlar əsasında öz həllini tapacaq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
433 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...