“Yeni Kaledoniya polisi azərbaycanlı jurnalistlərin fəaliyyətlərinə süni əngəl yaradır” –

“Yeni Kaledoniya polisi azərbaycanlı jurnalistlərin fəaliyyətlərinə süni əngəl yaradır” –
“Fransa mediasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşlarına qarşı aparılan qarayaxma kampaniyası bütün etik qaydalara və dəyərlərə zidd miskin davranışdır. Bu cür qəbuledilməz yanaşma tərzi söz azadlığının məhdudlaşdırılmasına uğursuz bəraət qazandırmaq istəyindən, cılızlıqdan başqa bir şey deyil”.

GUNDEMINFO.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının yaydığı sonuncu bəyanatda deyilir.

“Məlum olduğu kimi, AZƏRTAC-ın əməkdaşı Aygün Həsənova bu il dekabrın 3-də yerli əhalinin azadlıq hərəkatını işıqlandırmaq üçün fransız müstəmləkəsi Yeni Kaledoniyaya ezam edilmişdi. Lakin hava limanında onun əraziyə girişinə imkan verilməmiş, guya vizasının olmaması bəhanə gətirilmişdi. Jurnalist həbslə hədələnərək, üçüncü ölkəyə yola salınmışdı. Belə qanunsuzluq əməli Azərbaycan mediasında ciddi narazılıq doğurmuş və ölkəmizin media qurumları etiraz bəyanatları yaymışdılar.
Görünür, bütün bunlar, həmçinin Yeni Kaledoniyadakı yolverilməz davranışın dünya mediasında geniş əks-səda doğurması Fransanın hakim dairələrini “arqument” axtarışına sövq edib. AZƏRTAC-ın əməkdaşlarına qarşı “qara piar” kampaniyasının aparılmasını, onlara “casus” damğasının vurulmasını yalnız bu cür qiymətləndirmək mümkündür.
Mətbuat Şurası bəyan edir ki, ölkəmizin media nümayəndələrinin fəaliyyətində heç bir qanunsuzluq əməli olmayıb. Onların Yeni Kaledoniya xalqının azadlıq mübarizəsini işıqlandırmaq istəklərində əsaslandırılmış bəşəri və ictimai motiv var. Yeni Kaledoniya polisinin bunu nəzərə almaması, jurnalistlərimizin fəaliyyətlərinə süni əngəl yaratması fundamental insan hüquq və azadlıqlarının tərkib hissəsi sayılan söz azadlığına aşkar sayğısızlıqdır. Nəzərə alaq ki, jurnalistimizə qarşı haqsızlıq Kaledoniya İttifaqı siyasi partiyasının prezidenti Daniel Qoa tərəfindən də pislənilib, media təmsilçilərimizə dəstək ifadə olunub”, - bəyanatda deyilir.
QEyd olunur ki, Fransa mediasında azərbaycanlı jurnalistləri gözdən salmaq cəhdi bir daha təsdiq edir ki, ölkə hökuməti özünün despotik mahiyyətini ört-basdır etmək niyyətindədir:
“Məqsəd bəllidir: müstəmləkə boyundurğunda olan xalqlar, o cümlədən Yeni Kaledoniya xalqı ilə bağlı həqiqətlərin yayılmasının qarşısını almaq.
Azərbaycan Mətbuat Şurası AZƏRTAC-ın əməkdaşlarına qarşı Fransa mediasında aparılan qarayaxma kampaniyasını, təxribat xarakterli bilgilərin yayılmasını qətiyyətlə pisləyir. Şura bunu anti-demokratik addım, azad sözə münasibətdə dözümsüzlük sayır və bildirir ki, belə yanaşma həm etik dəyərlərə, həm də Fransa dövlətçiliyinin tarixi mütərəqqi mahiyyətinə ziddir.
Çox təəssüf ki, ölkənin hazırkı Prezidenti Emmanuel Makron və onun avtokratiyaya yuvarlanmış administrasiyası söz azadlığı müstəvisindəki primitiv siyasi oyunların ölkəyə vurduğu zərəri düşünməyəcək qədər iflic vəziyyətdədir. Şura dünyanın media ictimaiyyətini Fransa hakimiyyətinin yolverilməz əməllərinə münasibətdə həmkar təəssübkeşliyinə, etiraz səsini ucaltmağa çağırır”.
Qeyd edək ki, Mətbuat Şurasının rəsmi saytında son günlər Azərbaycanda saxlanılan, barələrində həbs qətimkan tədbiri seçilən, saxlanılarkən və daha sonra müxtəlif təzyiqlərə məruz qaldıqlarını bildirən, həmçinin dekabrın 4-də Lənkəran şəhərində saxlanılaraq Şəhər Rayon Polis Şöbəsinə aparılmaları barədə məlumat yayılan azərbaycanlı jurnalistlər barədə hər hansı bəyanat dərc olunmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
494 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...