Ödəniş edib əsgərlikdən qalmaq olacaq - Yeni qayda nə vaxt tətbiq olunacaq?

Ödəniş edib əsgərlikdən qalmaq olacaq -
Xəbər verdiyimiz kimi, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişikliyi nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı alternativ hərbi xidmətə dair təklif səslənib. Təklifə görə, tam müddətli hərbi xidməti saxlamaqla aşağı müddətli qradasiyalar müəyyən oluna bilər. Belə ki, dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətə hərbi xidmət keçilməsi kimi alternativ imkan yaradılması təklif olunur.

Sözügedən təklifə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov Bakupost.az -a deyib ki, hazırda pul qarşılığında orduya getməmək praktikası dünyanın bir çox ölkələrində mövcuddur:
“Məsələn, qardaş Türkiyədə müəyyən ödəniş müqabilində xidmətə getməmək mümkündür. Amma 1 aylıq təlimə aparırlar və həmin müddətdə silahla davranmağı öyrədirlər. Bundan başqa 3 aylıq təlim də var. Pul ödəməklə 1 il, il yarım vaxtını itirməyib işlərinlə məşğul olursan. Türkiyədə məşhur futbolçular ödəniş edirdilər və 1 ay müddətində təlim keçib xidmətə getmirdilər. Xeyli vaxtdır ki, Azərbaycanda da bu məsələ müzakirə mövzusudur. Uzun illərdi ki, qanun layihəsi hazır olsa da, Qarabağ məsələsinə görə onun tətbiqi gecikirdi. Çünki belə ehtimallar vardı ki, bəziləri xidmətdən yayınmaq üçün bu qanundan yararlana bilər. Artıq Qarabağ məsələsi öz müsbət həllini tapıb, yaxın zamanlarda sülh sazişinin imzalanması gözlənilir. Hesab edirəm ki, artıq “Alternativ xidmət haqqında” qanun qəbul edilə bilər. Bu məsələ ilə bağlı Azərbaycana beynəlxalq təşkilatlar tərəfindən müəyyən iradlar bildirilir. Ona görə də ölkəmizin gələcəyi naminə sözügedən qanun qəbul edilməlidir”.
Ekspertin dediyinə görə, alternativ xidmət tətbiq etməklə bir neçə məqsədə çatmaq olar:
“Bu gün orduda xidmət etmək istəməyənlər bir yol tapıb rüşvət verməklə, saxta xəstəlik arayışı almaqla, xaricə getməklə ordudan yayınırlar. Bu işlərdən dəllallar və müvafiq vəzifə sahibləri qazanırlar. Bu sistem tətbiq olunsa, belə halların qarşısı alınacaq və qazanan dövlət olacaq”.
Üzeyir Cəfərov qeyd edib ki, müxtəlif səbəblərdən həqiqi xidmət keçmək istəməyənlərin alternativ xidmət keçmələrinə şərait yaradılmalıdır ki, Azərbaycana qarşı iradlara da son qoyulsun:
“Misal üçün, alternativ hərbi xidməti seçənlər hərbi hospitallarda, tikinti, rabitə hissələrində qulluq edə bilərlər. Ya da hər hansı bir hərbi hissədə təmizlik, ya da aşpazlıq işlərinə baxa bilərlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
427 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...