"Şirkətin təşkilati-hüquqi statusunda heç bir problem yoxdur" - SOCARdan cavab

"Şirkətin təşkilati-hüquqi statusunda heç bir problem yoxdur" -


"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təşkilati-hüquqi statusunda heç bir problem mövcud deyil və bu status Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, eləcə də digər qanunvericilik aktlarına tam uyğundur". Bunu "Report"a SOCAR-ın Hüquq İdarəsinin rəisi Eldar Orucov hüquqşünas Əkrəm Həsənovun şirkətin təşkilati-hüquqi statusu barədə iddialarına münasibət bildirərkən qeyd edib.

E.Orucov bildirib ki, ARDNŞ ilk dəfə, hələ yeni Mülki Məcəllənin qüvvəyə minməsindən əvvəl 24.11.1995-ci ildə dövlət müəssisəsi təşkilati-hüquqi formasında Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı ilə dövlət qeydiyyatına alınıb. "Həmin vaxtdan bəri Dövlət Neft Şirkətinin nizamnaməsinə dəfələrlə dəyişiklik edilməsinə və hətta 24 yanvar 2003-cü ildə, 844 nömrəli fərmanla yeni nizamnaməsinin təsdiq edilməsinə baxmayaraq onun təşkilati-hüquqi forması dəyişdirilmədən qalıb. Düzdür, AR Mülki Məcəlləsində birbaşa olaraq təşkilati-hüquqi forma kimi dövlət müəssisəsi göstərilməyib, lakin mülki qanunvericilik fərqli təşkilati-hüquqi formaların seçilməsində hər hansı məhdudiyyət müəyyən etməyib. Bu da təsadüfi deyil. Belə ki, Mülki Məcəllənin 64.6-cı və 98.8–ci maddələrinə baxsaq, görərik ki, dövlət müəssisələri (yəni iştirakçısı müvafiq dövlət orqanı olan) təsərrüfat ortaqlıqları və cəmiyyətləri qismində yaradıla bilməz.Onlar yalnız özəlləşdirmə haqqında qanunvericiliyə uyğun olaraq səhmdar cəmiyyətlərə çevrilə bilərlər. Bu hal onu göstərir ki, AR Mülki Məcəlləsinin qüvvəyə minməsi dövlət müəssisələrinin həmin təşkilati-hüquqi formada fəaliyyətlərinin davam etdirilməsini qadağan etməyib, sadəcə mülki qanunvericiliyin bu sahədə prioritetlərini müəyyənləşdirib"-, deyə Hüquq İdarəsinin rəisi qeyd edib.

Onun sözlərinə görə, Dövlət Neft Şirkətinin təşkilati-hüquqi formasının dövlət müəssisəsi kimi davam etdirilməsi kiminsə iradə ifadəsi və ya mülahizələrinə əsasən deyil, məhz qanunvericiliyin müəyyən etdiyi məhdudiyyətlər baxımından vacib olub. E.Orucov bildirib ki, Azərbaycanın dövlət büdcəsini kifayət qədər böyük bir hissəsini formalaşdıran məhz dövlət müəssisələridir və onların yeganə iştirakçısı kimi müvafiq dövlət orqanları çıxış edir: "Əvvəldə də qeyd etdiyimiz kimi, dövlət orqanları isə hər hansı cəmiyyətin və ya təsərrüfat ortaqlıqlarının iştirakçısı kimi çıxış edə bilməz. Dövlət Neft Şirkətinin təsisçisi də dövlət orqanı olduğundan o təsərrüfat ortaqlığı və ya cəmiyyət kimi fəaliyyət göstərə bilməz.

Qeyd edək ki, yeni Mülki Məcəllənin qüvvəyə minməsindən sonra 2001-ci ildən Dövlət Neft Şirkətinin tabeliyində fəaliyyət göstərən 80-ə yaxın müəssisə özəlləşdirilib, onlar AR Mülki Məcəlləsinin qeyd etdiyimiz 98.8-ci maddənin tələblərinə uyğun olaraq səhmdar cəmiyyətlərinə çevrilib, onların iştirakçıları müxtəlif fiziki və hüquqi şəxslər olub. Yeni Mülki Məcəllənin qüvvəyə mindiyi dövrdə dövlət müəssisələrinin getdikcə öz yerini səhmdar cəmiyyətlərinə verəcəyi fikrini yürütmək olardı. Belə ki, yeni Mülki Məcəllənin qüvvəyə minməsinə qədər müvafiq münasibətləri “Müəssisələr haqqında” AR-nın 01.07.1994-cü il tarixli qanunu tənzimləyirdi. Həmin qanunda da müəssisələr üçün dövlət müəssisəsi təşkilati-hüquqi forması da müəyyən edilmişdi. Yeni Mülki Məcəllənin qüvvəyə minməsi ilə bağlı “Müəssisələr haqqında” AR qanunu da qüvvədən düşüb (2002) və bundan sonrakı münasibətlər AR Mülki Məcəlləsi ilə tənzimlənib. Lakin bu o demək deyil ki, dövlət müəssisələrinin hamısı dərhal səhmdar cəmiyyətinə çevrilməli idi. Hazırda Dövlət Neft Şirkəti strateji əhəmiyyət kəsb edən müəssisə olmaqla dövlət mülkiyyətindədir və təsisçisi də dövlət orqanıdır. SOCAR-ın təşkilati-hüquqi formasının səhmdar cəmiyyətinə keçirilməsi yalnız onun özəlləşdirilməsindən sonra mümkündür ki, bu barədə də qərar vermək səlahiyyəti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 nömrəli Fərmanının 2.2-ci bəndinə uyğun olaraq yalnız AR Prezidentinə aid edilib. Bu səbəbdən də Dövlət Neft Şirkətinin strukturunda hansı müəssisə özəlləşdirilibsə, o Prezidentin müvafiq qərarı ilə özəlləşdirməyə açıq elan edilib və həmin müəssisə məhz qanunvericiliyə uyğun olaraq səhmdar cəmiyyətinə çevriliblər. Belə ki, onların iştirakçısı artıq dövlət orqanı olmayıb".

SOCAR-ın Hüquq İdarəsinin rəisi qeyd edib ki, AR Mülki Məcəlləsi hüquqi şəxslərin qanunvericiliyə uyğun olaraq digər formalarının yaradılmasını mümkün hesab edib və unutmamalıyıq ki, SOCAR-ın yaradılması və fəaliyyətinin tənzimlənməsi də müvafiq qanunvericilik aktları ilə tənzimlənir. O əlavə edib ki, digər tərəfdən ictimai münasibətlərin tənzimlənməsi müasir dövrün tələblərinə uyğun olaraq daima yenilənir: "Buna misal olaraq publik hüquqi şəxsləri göstərmək olar. Publik hüquqi şəxs təşkilati-hüquqi forma kimi AR Mülki Məcəlləsində göstərilməyib. Lakin bu o demək deyil ki, belə bir təşkilati-hüquqi forma ola bilməz. Mülki Məcəllədən başqa digər qanunvericlik aktları bu münasibətləri tənzimləyir və publik hüquqi şəxslər də bunun bariz nümunəsidir.

Qeyd etdiyimiz kimi, SOCAR-ın təşkilati-hüquqi formasının dövlət müəssisəsi olması mövcud qanunvericiliyin tələblərinə tam uyğundur. Məhz bu səbəbdən Vergilər Nazirliyinin qeydiyyat orqanın çıxarışında da SOCAR-ın təşkilati-hüquqi forması kimi dövlət müəssisəsi göstərilib".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
854 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...