Komitə sədri: "Bəzi vətəndaşlarımız verilən imtiyazlardan sui-istifadə edir"
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları"nda dəyişikliklər edilməsi barədə qərarına münasibət bildirib.
"APA-Economics" xəbər verir ki, A. Əliyevin sözlərinə görə, dəyişikliklərin məqsədi nizam-intizam yaratmaq və ölkə iqtisadiyyatına, dövlət büdcəsinə vurulan zərərin qarşısını almaqdır.
"Yeni dəyişikliklərə əsasən ölkəyə gətirilən ərzaqlar üçün limit 30 kiloqramadək qaldırılıb. Ümumilikdə, dəyişikliklərin məqsədi nizam-intizam yaratmaq və ölkə iqtisadiyyatına, dövlət büdcəsinə vurulan zərərin qarşısını almaqdır. Biz dəfələrlə mətbuat vasitəsilə bununla bağlı açıqlamalar vermişik, amma yenə də təəssüf hissi ilə qeyd edirəm ki, bizim vətəndaşlarımız verilən imtiyazlardan sui-istifadə edirdi. Bu, daha çox sərhəd bölgələrinin əhalisinə aiddir. Hər dəfə 3 blok siqaret, 3 litr spirtli içki, 10 kiloqram ərzağın gətirilməsinə icazə verilirdi. Təəssüflər olsun ki, bəzi vətəndaşlarımız az qala hər gün bu işlə məşğul olurdu. Hətta bəziləri neytral ərazi deyilən yerdən bu məhsulları toplayırdı və ölkə ərazisinə vergi ödəmədən gətirirdi. Hətta gömrük sərhəd məntəqələrində ictimai asayişi pozanlar da var idi. Nazirlər Kabinetinin son qərarı çox gözəl şəkildə bunu tənzimləyir", - deyə A. Əliyev bildirib.
Qeyd edək ki, qaydalar fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycanın gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını müəyyən edir.
İndiyə qədər Azərbaycanın gömrük ərazisinə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilib. Dəyişikliyə əsasən bu sahədə məhdudiyyət müəyyənləşdirilib. Artıq hər təqvim ayı ərzində bir dəfə Azərbaycanın gömrük ərazisinə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) gömrük ödənişlərini ödəmədən gömrük sərhədindən keçirilə biləcək. Səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalara bu məhdudiyyət tətbiq olunmur.
Əgər indiyə qədər gömrük ərazisindən aparılan mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilibsə, dəyişikliyə əsasən artıq bu halda hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisindən aparılan 5 kiloqrama qədər nərə cinsli balıq və 125 qrama qədər nərə cinsli balıq kürüsü ilə bağlı məhdudiyyəti nəzərə alınmalıdır. Yəni gömrük ərazisindən aparılan hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisindən aparılan 5 kiloqrama qədər nərə cinsli balıq və 125 qrama qədər nərə cinsli balıq kürüsündən çox nərə balıq cinsi və balıq kürüsü güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilməyəcək. Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə gömrük ərazisindən göndərilən mallar zamanı da yalnız 125 hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisindən aparılan 5 kiloqrama qədər nərə cinsli balıq və 125 qrama qədər nərə cinsli balıq kürüsü güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.
İndiyə qədər 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün keçirilən 3 litr alkoqollu içki, 600 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilib. Dəyişikliyə əsasən bu sahədə də hər təqvim ayı ərzində bir dəfə məhdudiyyəti tətbiq olunacaq. Başqa sözlə, Vergi Məcəlləsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün keçirilən 3 litr alkoqollu içki, 600 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.
Əgər indiyə qədər 10 kiloqrama qədər ərzaq məhsulları (nərə cinsli balıq istisna olmaqla) və 125 qrama qədər nərə cinsli balıq kürüsü gömrük ödənişlərini ödəmədən gömrük sərhədindən keçirilibsə, dəyişikliyə əsasən artıq hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirilən 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları və 5 kiloqrama qədər nərə cinsli balıq və 125 qrama qədər nərə cinsli balıq kürüsü güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə biləcək. Bu hallarda nəzərdə tutulan müddətlə bağlı məhdudiyyətlər hava nəqliyyatı vasitəsilə gömrük sərhədindən keçirilən müşayiət olunan baqaja şamil edilmir.
Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
870 dəfə oxundu