Azərbaycanda tarixi memarlıq abidəsi məhv ola bilər - VİDEO
Göyçayın ən qədim tarixi abidəsi olan “Yeraltı hamam” məhv olmaq üzrədir.
Otuz ildən çoxdur baxımsız qalan bu memarlıq abidəsinin bərpası illərdir Mədəniyyət Nazirliyinin “təmir olunacaq abidələr” siyahısında olsa da, nədənsə hələ də konkret tədbirlər görülmür. 135 il əvvəl tikilmiş bu sirli hamam Azərbaycanın nadir memarlıq abidələrindəndir.
“Yeraltı hamam” adı abidəyə əsas hissəsi torpağın səthindən iki metr dərinlikdə yerləşdiyi üçün verilib. Bu nadir tikilinin bir sirri isə indiyədək açılmayıb.
Hamamın çirkab sularının saxsı borularla haraya və necə axıdılması hələ də müəmmalı olaraq qalır. Unikal memarlıq abidəsi olan bu hamamın fəaliyyəti keçmiş Sovetlər Birliyi dövründə dayandırılıb. Daha sonra müxtəlif məqsədlər üçün istifadə olunan tikilinin hazırda damında və divarlarında böyük çatlar əmələ gəlib. Mədəniyyət Nazirliyinin, eləcə də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri buraya dəfələrlə gələrək tarixi abidənin vəziyyəti ilə tanış olsalar da, hamamın bərpası bu günədək reallaşmayıb.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
1001 dəfə oxundu