"Dumaya "erməni soyqırımı" ilə bağlı layihə verənlərin məqsədi erməni diasporundan pul almaqdır”

"Dumaya "erməni soyqırımı" ilə bağlı layihə verənlərin məqsədi erməni diasporundan pul almaqdır”


“15 ildir mənim Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Rusiya ərazisində gördüyüm işlər hamıya məlumdur. Mən 2000-ci illərdə "Starıy ploşad"da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mitinq keçirəndə indi özünü vətənpərvər adlandıranlar haradaydılar?..”

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında "Azərros" Federal Milli Mədəni Muxtariyyətinin sabiq prezidenti Söyün Sadıqov deyib. O, Rusiya Dövlət Dumasına təqdim olunan və “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin əleyhinə çıxmamaları üçün azərbaycanlıların regional təşkilatlarına təsir göstərməsi barədə yayılan məlumatların yalan olduğunu söyləyib: "Mən diaspor fəaliyyəti ilə çoxdandır ki, məşğul olmuram. Azərbaycan diasporundan getmişəm. İndi başqa işlə, daha praqmatik siyasətlə məşğulam. Diaspor təşkilatlarımızın rəhbərləri və nümayəndələri ilə ancaq bayramlarda zəngləşib, bayramlaşırıq. Son vaxtlar aramızda diasporun fəaliyyəti ilə bağlı heç bir söhbət olmayıb. Mənim haqqında belə informasiya yayanları anlamıram, heç anlamaq da istəmirəm. Həmin adamlar yalan və böhtan yazmağa öyrəşmiş adamlardır".

S. Sadıqov "Ədalətli Rusiya" Partiyasının sədri Sergey Mironov tərəfindən Dövlət Dumasına təqdim olunan "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin bir partiyanın siyasi gedişi olduğunu bildirib: "Əvvəla, qeyd edim ki, Rusiya "erməni soyqırımı"nı rəsmən tanıyıb. Ötən il Rusiya prezidenti də İrəvanda keçirilən "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı tədbirə gedərək Rusiyanın mövqeyini bir daha ortaya qoyub. O ki qaldı Mironovla Leviçevin hazırladığı qanun layihəsinə, onu deyə bilərəm ki, bu, bir siyasi partiyanın erməni diasporundan pul almaq üçün atdığı addımdır. Bu yaxınlarda Sergey Mironovla da görüşdüm. Ona da dedim bu barədə. 2016-cı ildə Rusiyada seçki ilidir. Bundan öncəki seçkilərdə Sergey Mironovun rəhbərlik etdiyi “Ədalətli Rusiya” Partiyası səslərinin çoxunu itirmişdi. Görünür, Rusiyadakı erməni diasporunun səsini və pulunu qazanmaq üçün bu addımı atırlar. Bu qanun layihəsini “Ədalətli Rusiya” Partiyasından başqa heç bir partiya və deputat dəstəkləməyəcək. Bildiyiniz kimi, qanun layihəsi artıq Dumaya təqdim olunub. Üstündən də xeyli vaxt keçib. Əgər "yuxarı"lardan əmr gəlsəydi, qanun layihəsi çoxdan qəbul olunardı. Bu qanun layihəsi heç vaxt qəbul edilməyəcək.

Çünki Dövlət Dumasında çox ağıllı və müdrik adamlar təmsil olunur. Onlar yaxşı başa düşürlər ki, belə bir qanunun qəbulu Azərbaycanı və Rusiyada yaşayan azərbaycanlıları Rusiyadan incik sala bilər. Onlar yaxşı başa düşürlər ki, ortada Xocalı soyqırımı da var. Eyni münasibəti bu hadisəyə də sərgiləmək məcburiyyətində qalacaqlar. Bu səbəbdən də, Azərbaycan diasporu bu məsələdə heç bir ajiotaja yol verməməlidir, diasporumuzun bəzi nümayəndələri ucuz vətənpərvərliyə son qoymalıdırlar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1025 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...