Gömrük Komitəsi 2015-ci ilin hesabatını verdi
Komitəsi Dövlət Gömrük Komitəsi 2015-ci ildə ölkədə qanunsuz idxal və ixrac zamanı saxlanılan şəxslər və mallar barədə hesabat verib.
Komitədən verilən məlumatda qeyd olunur ki, 2015-ci ilin yanvar-dekabr aylarında Dövlət Gömrük Komitəsi İstintaq İdarəsinin icraatında olan materiallar əsasında 266 cinayət işi başlanıb, bu cinayət işlərinin böyük əksəriyyəti az ağır və ağır cinayət faktları olub.
Hesabat dövründə 228 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib, bu şəxslərdən 185 nəfəri barəsində məhkəmə tərəfindən həbs, 4 nəfəri barəsində ev dustaqlığı, qalanları haqqında isə istintaq orqanı tərəfindən digər qətimkan tədbirləri seçilib.
İstintaqı tamamlanan cinayət işləri üzrə məsuliyyətə cəlb edilmiş şəxslərdən 22-si İran İslam Respublikasının, 4-ü Rusiya Federasiyasının, 1-i Türkiyə Respublikasının, 1-i Kanada dövlətinin, 1-i Kamerun Respublikasının, 199-u isə Azərbaycan Respublikasının vətəndaşı olub. Cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 27 nəfəri qadındır və onlardan 26-sı Azərbaycan Respublikasının, 1-i isə İran İslam Respublikasının vətəndaşıdır. Başlanmış cinayət işləri üzrə narkotik vasitələr - 33 kq 847,217 qram qurudulmuş marixuana, 28 kq 519,461 qram həşiş qatranı, 10 kq 766,059 qram heroin, 3 kq 552,112 qram tiryək, 590 qram qurudulmamış marixuana, 388,803 qram metadon, 57,185 qram kokain və psixotrop maddələr - 98,091 qram metamfetamin, 46 qram fenobarbital, 20 qram fenamfetamin, 10,014 qram clonazepam, 1,635 qram alprazolam, 0,106 qram buprenorfin maddi sübut kimi tanınıb.
Həmin cinayət işləri üzrə götürülən mallar isə 85827 manatlıq 6735 şüşə spirtli içki, 80952 manatlıq tütün məmulatı, 61407 manatlıq 409 ədəd mobil telefon, 484301 manat dəyərində müxtəlif valyuta, 6624 manatlıq adi içkilər, 27519 manatlıq dərman preparatları, 312200 manatlıq 13 ədəd nəqliyyat vasitəsi, 18300 manatlıq qarışıq mallar, 124855 manatlıq pirotexniki vasitələr, 90174 manatlıq qızıl məmulatı, 26104 manatlıq 27 kq 955 qram balıq kürüsü, 43,5 kq barıt, 50 ədəd patron, 1 ədəd qaz balonu və 12 ədəd bıçaqdan ibarət olub. 2015-ci il ərzində İstintaq İdarəsinin icraatında olan 121 cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmləri əsasında ümumilikdə 97 kq 998,049 qram narkotik vasitə və psixotrop maddənin məhv edilməsi təmin edilib.
1147 dəfə oxundu