Ailə başçısını itirməyə görə pensiya təyin olunması üçün tələb edilən sənədlərin siyahısında dəyişiklik edilib
Ailə başçısını itirməyə görə pensiya təyin olunması üçün tələb edilən sənədlərin siyahısında dəyişiklik edilib.
APA-nın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun Kollegiyası bununla bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.
Bu dəyişiklik “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 31 avqust tarixli fərmanı ilə əlaqədardır. Fərmana əsasən “ASAN xidmət” mərkəzlərində və Daxili İşlər Nazirliyinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) və digər informasiya sistemlərinin məlumatlarından istifadə edilməklə, elektron qaydada tərtib edilməsi, arayışın vətəndaşların şəxsiyyət vəsiqəsi əsasında və əlavə heç bir sənəd tələb edilmədən hazırlanması və vətəndaşın müraciət etdiyi gün təxirəsalınmadan verilməsi əksini tapıb. Buna görə də bundan sonra ailə başçısını itirməyə görə pensiya təyin olunması üçün tələb edilən sənədlərin siyahısında vəfat edənin 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına və ya nəvələrinə qulluq edən ata (ana), ər (arvad), baba, nənə, qardaş və bacının işləmədiyi barədə yaşayış yerindən arayış yox, vəfat edənin 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına və ya nəvələrinə qulluq edən ata (ana), ər (arvad), baba, nənə, qardaş və bacının işləmədiyi barədə arayış tələb olunacaq.
Qeyd edək ki, qüvvədə olan Qaydaya əsasən ailə başçısını itirməyə görə pensiya təyin olunması üçün tələb edilən sənədlərin siyahısına əlavə olaraq pensiya təyin edilməsi üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin (xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ümumvətəndaş pasportunun) notarial qaydada təsdiq olunmuş surəti, ailə üzvlərinin vəfat etmiş ailə başçısı ilə qohumluq münasibətlərini təsdiq edən sənəd, ailə başçısının ölümü barədə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın şəhadətnaməsi və ya onun itkin düşməsini təsdiq edən sənəd, ailə başçısının yaşı barədə sənəd, vəfat etmiş (həlak olmuş) ailə başçısının ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənəd, yaşı 18-dən 23-ə qədər olan ailə üzvlərinin təhsil müəssisələrinin əyani şöbəsində oxuduqlarını təsdiq edən sənəd, müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların ailələrinə pensiya təyin edilməsi üçün verilən ərizəyə hərbi hissədən və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən, Müdafiə Nazirliyinin müvafiq idarə və müəssisəsindən hərbi qulluqçunun ölüm faktını, eləcə də ölüm tarixi və səbəbini təsdiq edən və ya hərbi qulluqçunun itkin düşdüyü barədə sənəd, ailə başçısı hərbi qulluqdan buraxıldıqdan 3 ay keçəndən sonra vəfat etmişdirsə və onun ölümü hərbi qulluq dövründə alınmış yaralanma, kontuziya və ya xəstəlik nəticəsində baş vermişdirsə, bu barədə tibbi-sosial ekspert komissiyasının rəyi, ərizəçinin əmək pensiyasının baza hissəsinə əlavə hesablanmasına hüququnu təsdiq edən sənədlər daxildir.
2080 dəfə oxundu