Piyadalara qarşı cərimələr artırılır
Keçiddən kənar yerdən yolu keçənlər 30 manat cərimə olunacaq
Mayın 1-dən qüvvəyə minəcək İnzibati Xətalar Məcəlləsində intizamsız piyadalar üçün cərimənin artırılması nəzərdə tutulur. Avtosfer.az-ın məlumatına görə, hazırda qüvvədə olan Məcəllə piyada keçidindən kənarda yolu keçən piyadalar üçün 20 manat cərimə nəzərdə tutur. Lakin yeni layihə bu qayda pozuntusunu törədən piyada üçün 30 manat cərimə müəyyən edir. Bununla belə, piyadaların törətdikləri digər qayda pozuntularına (məsələn, svetoforun qırmızı işığından keçmə, operativ nəqliyyat vasitəsinə yol verməmə və s.) görə cərimə əvvəlki kimi 20 manat olaraq qalır.
Qanunverici orqanın piyadalar üçün cəriməni artırması, yəqin ki, onların intizamını yüksəltməyə hesablanıb. Məlumdur ki, bəzən sürücülərlə piyadaların cərimələrini bərabərləşdirmək kimi fikirlər səslənir. Lakin belə fikirlər doğru deyil. Çünki yolda piyadanın və nəqliyyat vasitəsinin doğurduğu təhlükələr mübahisə edilməyəcək dərəcədə fərqlidir. Amma hər halda piyadalar üçün cərimənin artırılması bu hərəkət iştirakçılarının daha intizamlı olmasına az da olsa kömək edə bilər.
1028 dəfə oxundu