Azərbaycanın dəmiryollarında "donuz qripi" önləmləri
Son günlər Azərbaycan Respublikası ilə həmsərhəd olan ölkələrdə “donuz qripi”nin (A/H1N1 virusunun) aşkarlanması ilə əlaqədar ölkəmizdə bu virusa qarşı profilaktik tədbirlər aparılır. “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, dəmir yolu nəqliyyatı insanların kütləvi istifadə etdiyi nəqliyyat növü olduğundan sanitariya işləri burada daha intensiv aparılır.
Məlumata görə, bununla bağlı «Azərbaycan Dəmir Yolları» QSC-nin Həkim-Sanitar Xidməti tərəfindən Tədbirlər Proqramı hazırlanıb, qabaqlayıcı tədbirlər görülür. Tədbirlər Proqramına əsasən, sərnişin qatarlarında, uşaq-yeniyetmə, tədris və tibb müəssisələrində, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilməsi yoxlanılır. Dəmir yolu ərazisində yerləşən bütün obyektlərin profilaktik və cari dezinfeksiyası aparılır:
“Bundan başqa, şübhəli xəstələrin müvəqqəti saxlanması üçün xüsusi palatalar ayrılıb, tibbi personalın fərdi qoruyucu vasitələrlə təmin edilməsi həyata keçirilir, dəmir yolu ərazisində donuz qripi xəstəliyinə qarşı profilaktik və əks epidemik tədbirlərin həyat keçirilməsi məqsədi ilə dərman və vaksinlərin, dezinfeksiyaedici preparatların, fərdi qoruyucu vasitələrin ehtiyatı yaradılır.
Artıq ölkədaxili hərəkət edən qatarlarda lazımi tədbirlər görülür. Həmçinin sərhəd-keçid məntəqələri gücləndirilmiş rejimə keçib. Sərnişin qatarlarında çalışan briqadalar arasında yolboyu A(H1N1) virusunun yoluxduğu şübhəli bilinən xəstələr olduqda hansı tədbirlərin görülməsi barədə təlimatlar aparılır. Yoluxucu xəstəliklərin profilaktikasında şəxsi gigiyenanın gözlənilməsinin vacibliyi barədə sərnişinlər və dəmiryolçular arasında maarifləndirmə işi, qatar heyətlərinin tibbi-sanitar bilikləri artırılması istiqamətində işlər gücləndirilib. Şübhəli xəstələr barədə məlumatlar dərhal Həkim-Sanitar Xidmətinə təqdim olunacaq. Sərnişin qatarlarının epidemiya əleyhinə hazırlığın vəziyyəti nəzarətdə saxlanılır”.
Qeyd olunub ki, «Azərbaycan Dəmir Yolları» QSC-nin Sanitar-Karantin Müfəttişliyində «Qaynar xətt» yaradılıb. Sərnişin qatarlarında, vağzallarda, sərhəd-keçid məntəqələrində şübhəli hallar barəsində dərhal qaynar xəttə məlumatlar daxil olacaq. Dəmir yolunda yaradılmış «Qaynar xətt»in əlaqə telefonları bunlardır: 499-48-28, 499-60-25.
926 dəfə oxundu