Tərtərdə Sarov kəndində səyyar qəbul-görüş keçirildi - FOTOLAR

Tərtərdə Sarov kəndində səyyar qəbul-görüş keçirildi -

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həlli məqsədilə kəndlərdə rayon icra hakimiyyəti başçısının mütəmadi olaraq səyyar qəbul-görüşləri keçirilir.

Belə görüşlərdən biri də Sarov kəndində keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, kənd sakinləri iştirak etmişlər.

Əvvəlcə Sarov kənd İƏD üzrə nümayəndə Ramin Quluyev kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat vermiş, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmışdır. Bildirmişdir ki, Sarov kənd İƏD üzrə nümayəndəlik Sarov, Rəcəbli, Kovdadıq, Umudlu, Bildirçinli kəndlərini əhatə edir. 527 təsərrüfat, 1411 hektar ərazisi olan nümayəndəlikdə 2088 nəfər əhali yaşayır, əhalinin əsas məşğuliyyəti isə əkinçilik və heyvandarlıqdır. Nümayəndəliyin ərazisində tam orta, ümumi orta, ibtidai məktəb, həkim məntəqəsi, klub, kitabxana, EATS, poçt şöbəsi, on yeddi ticarət və iaşə obyekti fəaliyyət göstərir.
Tərtərdə Sarov kəndində səyyar qəbul-görüş keçirildi -

Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Sahib Cuğuyev, Əli Şirinov, Rəfail Səfərov, Dilbər Cuğuyev, İsa Əhmədov, Mübariz Muradov, Əkrəm Rzayev, Elman Kərimov, Elburus Hüseynov və başqaları rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndlərinə təbii qazın çəkilişi işlərinin surətlə davam etdiyi və yaxın günlərdə istifadəyə veriləcəyindən, kənd sakinlərinin rahat yaşaması üçün lazım olan hər bir şəraitin yaradılmasından razılıqlarını bildirərək, əhalinin həyat şəraiti və onları narahat edən problemlərdən də söhbət açmışlar.
Tərtərdə Sarov kəndində səyyar qəbul-görüş keçirildi -

Kənddə suvarma suyu ilə təminatın yaxşılaşdırılmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsinə, Sarov kənd tam orta məktəbinə və Sarov kənd həkim məntəqəsinə təbii qazın çəkilməsinə ehtiyac olduğunu bildirmişlər.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən, danışmış, bildirmişdir ki, görülən işlər bundan sonra da davam etdiriləcəkdir.
Rayon rəhbəri son dövrlər manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, suni qiymət artımının qarşısının alınması məqsədi ilə rayonda təxirəsalınmaz tədbirlər görüldüyünü qeyd etmişdir. Bildirilmişdir ki, rayon icra hakimiyyəti yanında istehlak bazarına nəzarəti həyata keçirən komissiya yaradılmışdır. Rayonda hər birinin tərkibində 10 nəfər olmaqla 10 qrup suni qiymət artımının qarşısının alınmasına nəzarət edir. Həmin qruplara rayon icra hakimiyyətinin səlahiyyətli nümayəndələri rəhbərlik edir.

Sonra M.Məmmədov sahibkarlara dövlət dəstəyindən danışaraq, sahibkarlara yaradılan burokratik əngəllərin aradan qaldırıldığını, onlara lazimi şərait yaradıldığını bildirdi.

Səyyar qəbul-görüş zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapmış, digər məsələlərin operativ həllindən ötrü tədbirdə iştirak edən aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirmişlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1098 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...