“Diaspora Komitəsi” boşqab, armudu stəkan və kəlağayı satın alır

  “Diaspora Komitəsi” boşqab, armudu stəkan və kəlağayı satın alır
Diasporla İş Üzrə Dövlət Komitəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, Dövlət Komitəsi tenderin qalibi olan “Turrus” MMC-dən (VÖEN – 1007464471) dəyəri 58 min 504 manat 40 qəpik olan hədiyyə tipli suvenirlər (boşqab, xalça, armudu stəkan, kəlağayı və s.) və müvafiq döş nişanları alacaq.
Məlumat üçün bildirək ki, tender müsabiqəsinin qalibi olan “Turrus” MMC 17 fevral 2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Binəqədi rayonu, Cəfər Xəndan, ev 1A, m. 48, məh. 3203-də yerləşən MMC-nin nizamnamə kapitalı 100 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Sahibzadə Xəlqani Ziyafəddin oğludur.
Qeyd edək ki, MMC dövlət qeydiyyatına alınan zaman qanuni təmsilçisi Sahibzadə Xəlqani Ziyafəddin oğlu olub. 2022-ci ilin iyun ayında MMC-nin qanuni təmsilçisi dəyişib və Baxşaliyev Nicat Baxşalı oğlu qanuni təmsilçi olub. Sentyabr ayında isə Sahibzadə Xəlqani Ziyafəddin oğlu yenidən qanuni təmsilçi təyin edilib. Son 2 ildə MMC müxtəlif dövlət qurumları tərəfindən keçirilən çoxsaylı tender müsabiqələrində qalib olub.
“Turrus” MMC bir dövlət qurumuna dəftər-qələm, başqa bir dövlət qurumuna isə unitaz qapağı satıb. AzTV-yə qrim ləvazimatları satan “Turrus” MMC, Neyrocərrahiyyə Xəstəxanası üçün təmir işləri həyata keçirib.
Xatırladaq ki, bu hal “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblərə uyğun deyil. Belə ki, həmin maddənin 23.4.-cü bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin, texniki imkanlarının və maddi-texniki bazasının, həmçinin müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması lazımdır.
Qalib olduğu ilk tender müsabiqəsindən qısa müddət əvvəl yaranan bu şirkətin fərqli qurumlara, fərqli məhsulları satmaq üçün hansı peşəkarlığa, təcrübəyə və işçi qüvvəsinə sahib olacağı da aydın deyil.
“Turrus” MMC-yə məxsus olduğu bildirilən “turrus.az” saytında şirkətin təmir işləri ilə məşğul olmasına dair heç bir məlumat yoxdur. Bunu “Turrus” MMC-dən Yeniavaz.com-a verilən məlumatda da təsdiqləyiblər. Özünü şirkətin satış təmsilçisi adlandıran Vüqar adlı şəxs bildirdi ki, onlar təmir işlərini subpodratçı şirkətlər vasitəsi ilə icra edirlər.
“Turrus.az” saytında diqqət çəkən başqa bir məqam isə odur ki, saytın “Vakansiyalar” bölməsində ölkənin aparacı mağazalar şəbəkəsindən biri olan “OMİD” mağazalarına məxsus elanlar yerləşdirilib. Eyni zamanda “turrus.az” saytında yerləşdirilən keçid vasitəsi ilə “OMİD” mağazalarına məxsus “omid.az” saytına daxil olmaq mümkündür.
“Turrus” MMC-nin rəsmisi isə bildirib ki, onların “OMİD” mağzaları ilə hər hansı bir bağlılıqları yoxdur. Saytda olan elanların saytı hazırlayan şəxslər tərəfindən yanlışlıqla yerləşdirilə biləcəyini qeyd edən şirkət rəsmisi bildirib ki, qısa müddətdə sözügedən texniki xətanı aradan qaldırmağa çalışacaqlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
318 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...