“Su soyuq olsa da üzüb çıxdım, qalanları isə...” Xilas olan neftçi
“Platformadakı yanğın güclü küləkdən baş verdi. Qəfildən güclü partlayış oldu. Bizə əvvəlcədən xətlərlə bağlı xəbərdarlıq edilməmişdi”.
Bunu virtualaz.org saytının müxbiri ilə söhbətində “Günəşli” neft yatağındakı 4 dekabr dəhşətini yaşayan, hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan energetik Ənvər Əliyev deyib. Ə.Əliyevin sözlərinə görə, neft-qaz platformalarında belə hadisələrin baş verməsi əslində o qədər də təəccüblü deyil: “Çünki neftçi işinin xüsusiyyəti budur. Bu sahədə iş prosesi çətindir. Amma xoşbəxtlikdən o vəziyyətdə ölənlərin deyil, xilas olanların sayı çox oldu”.
Güclü külək və yanğının xilasetmə işlərini çətinləşdirdiyini deyən şahid həmin anları belə xatırlayır: “Biz rezin qayığa mindik, amma az sonra külək qayığı aşırdı. Bu zaman iki nəfər boruların üstünə yıxıldı. Qayıq cırıldı. Həmin vaxt qayıqda çox adam vardı. Qayıq parcalananda iki nəfər xilas oldu. Biz iki nəfər isə suya düşdük. Su soyuq olsa da üzüb çıxa bildik. Qalanları isə yəqin ki, batdı. Mənim daha sonra onlardan xəbərim olmadı”.
Ə.Əliyev necə xilas edilməsindən də söz açdı: “Bizi “Topaz” firmasının gəmisi xilas etdi. O gəmidəki uşaqlar suya tökülüb bizi xilas etdilər. Onlar gəlməsəydilər, biz ölərdik. Həmin məqamda xilasetmə işləri çox riskli idi. Güclü külək əsirdi, su soyuq idi, hündür dalğalar vardı. O uşaqlar özlərini niyə təhlükəyə atmalarının səbəbini sonradan açıqladılar. Dedilər ki, biz neftçilərin başına gələn hadisəni izlədik və dözə bilmədik”.
Ə.Əliyev öldü-qaldısı hələ də bilinməyən neftçi həmkarlarının taleyinə görə çox narahat olduğunu dilə gətirir: “Suya düşənlərin sağ qalma ehtimalı azdır. Çünki hava şəraiti pisdir. Su dondurucu dərəcədə soyuqdur, dalğalar xilasetməyə mane olur”.
Digər neftçi, dəhşətli hadisənin baş verdiyi 10-cu özüldə operator işləyən Mais Abbasov da hadisənin qəfil baş verdiyini dedi: “Yanğın əslində texniki səbəblərdən yox, güclü küləkdən baş verdi. Partlayış baş verən kimi bütün heyət üzvləri qaçıb qayıqlara doluşduq”.
Qəza baş verən zaman platformada 60-dan çox adamın olduğunu güman etdiyini deyən M.Abbasovun sözlərinə görə, qayıq cırılmasaydı, tələfat az olardı: “Həmin dəhşətli vəziyyətdə xilas olmağın özü bir möcüzədir. Baş verənlərə hələ də inana bilmirəm”.
1237 dəfə oxundu