Ədalət Şükürov illərdir başına bəla olan problemini dilə gətirdi - Prezidentə təşəkkür etdi

Ədalət Şükürov illərdir başına bəla olan problemini dilə gətirdi -

Əməkdar artist Ədalət Şükürov sosial şəbəkədə Ali Attestasiya Komissiyası ilə bağlı problemini dilə gətirib. Müğənni sözügedən qurumdakı rəhbər dəyişikliyinə görə Prezident İlham Əliyevə təşəkkür edib. Sənətçi Ali Attestasiya Komissiyasında yeni sədr təyin edilməsi ilə bağlı sevindiyini və probleminin bundan sonra həllini tapacağına ümidli olduğunu bildirib.

Məsələnin detallarını öyrənmək üçün Əməkdar artistlə əlaqə saxladıq. Müğənni “Yeni Sabah” a açıqlamasında 12 ildir ki, Rusiyada aldığı elmi dərəcəsini təsdiqlədə bilmədiyini deyib:

“2007-ci ildə mən Sankt-Peterburq şəhərində müdafiə etdim, iqtisad üzrə elmlər namizədi oldum. Mən akademiya bitirmişəm, aspirantura bitirmişəm, iki universitet bitirmişəm. Sonra gəldim Azərbaycana. Mənə dedilər ki, nostrifikasiya (Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi – Red.) keçməlisən. Nostrifikasiyanı keçmək üçün də gərək komissiya yığıla və səni təsdiqləyə.

Mənə dedilər ki, sənədlər yığılmalıdır. Mən də sənədləri yığdım, verdim Ali Attestasiya Komissiyasına. Sonra dedilər ki, biz sizə xəbər verəcəyik. Üstündən bir il, iki il keçdi, gah dedilər o sənəd yoxdur, gah dedilər bu sənəd yoxdur. Onları təhvil verdim. Sonra çağırdılar dedilər ki, sizin sənədlərinizə baxıb bir cavab deyəcəyik. Üstündən bir il də keçdi. Sonra nə isə dəyişildi, yenə çağırdılar dedilər ki, filan sənəd yoxdur və s.

Nə isə məni çox incitdilər. Nəticədə mən neçə illərdir o nostrifikasiyanı keçə bilmirəm. Bu düzgün deyil axı, ayıbdır. Mən dəfələrlə televiziyada, radiolarda çıxış etmişəm, belə şey olar? Mənə səbəbini də demirlər. Mən bilmirəm heç səbəb nədir”.

Qeyd edək ki, bu ilin iyun ayında Prezident İlham Əliyev Famil Mustafayevin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
983 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...